إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli - Kərbəla ilə Kəbə müqayisə olunarkən fiziki torpaq yox, onların tərənnüm etdiyi ideyalar müqayisə olunur

“İmam Hüseynin (ə) Kərbəlası ilə tanış olmadan həqiqi İslamı anlamaq mümkün deyil”

 


Azərbaycanda Aşura mərasimləri hər il olduğu kimi, bu il də özü ilə çoxlu sayda müzakirələr, iddia və ittihamlara səbəb oldu. Təəssüf ki, bir sıra iddialar əsaslı olmamaqla yanaşı, məqsədli şəkildə min illik Aşura adətlərinə kölgə salmaq, Məhərrəm ayı mərasimlərinin İslam dinindən olmamasına söykənirdi.


Qəribə də olsa bu iddiaların bir çoxunun müəllifi nəinki din mütəxəssisi, dindar deyildi, əksinə, dinsiz olduğunu iddia edənlər idi. Ortaya atılan ən ciddi iddialardan biri də Aşura hadisələrinin şiələr tərəfindən daha çox qabardılması, onun mahiyyətinin yüksəldilməsi və hətta bir sıra İslam ehkamlarından yüksəyə qaldırılması və dolayısı ilə dinə təhrif kimi təqdim olunması idi. Xüsusən də son olaraq bir neçə şair və mərsiyəxanın Kərbəla hadisəsi ilə bağlı oxuduğu şeir və qəsidələrdə Kərbəlanın əzəmətinin təriflənməsi və onun Məkkədən daha üstün tutulması ilə bağlı iddialar var idi.

Qəribə də olsa bu cür damğalara hədəf olanlardan biri nüfuzlu ilahiyyatçı Hacı Şahin Həsənli oldu. Sosial şəbəkələrdə yayılan məlumatlarda ilahiyyatçının Kərbəlanı Məkkədəki Kəbədən üstün tutması ona qarşı tənqidlərə səbəb olub.

ahlibeyt.az-ın verdiyi xəbərə görə mövzu ilə bağlı fikrilərini “Yeni Müsavat”la bölüşən Hacı Şahin Həsənli onun çıxışlarının bilərəkdən kontekstdən çıxarılaraq təhrif edildiyini və Aşura mərasimlərinə kölgə salmaq məqsədi güdüldüyünü bildirib.Kərbəla və Kəbənin müqayisəsinin tarix boyu şairlərin qələmindən çıxdığını qeyd edən həmsöhbətimizin sözlərinə görə, bu müqayisələrin məqsədi Kəbənin hörmətini azaltmaq yox, Kərbəlanın mənəvi üstünlüyünü çatdırmaq olub: “Qurani Kərim Bəyyinə surəsinin 7-ci ayəsində ”İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır" - deyə buyurulur. Şübhəsiz ki, iman gətirib yaxşı əməl edənlərin önündə duranlar İmam Hüseyn və onun səhabələridir. Hədislərdə də Kərbəla ilə Kəbə müqayisə olunanda fiziki torpaq yox, onların tərənnüm etdiyi ideyalar müqayisə olunur. Həcc Allaha bəndəliyi və itaəti, Kərbəla fədakarlıq və eşqi cilvələndirir. İbrahimin qurbanı qoçla əvəz olundusa, Hüseynin qurbanları onun ən əziz insanları oldu. Hacərə səbrə görə zəmzəm verildisə, Zeynəb Kərbəlaya səbir etdikdən sonra əsir düşdü. Bu cəhətdən, Kərbəlanın təmsil etdiyi ideya Həccə məna verir. Fədakarlıq olmasa, ibadət mənasızlaşır. Eşq olmasa itaət ruhunu itirir".
Hacı Şahin deyir ki, hədis və rəvayətlərdə dinin ruhunu canlandıran əməllərin əhəmiyyətini vurğulayan ilk baxışdan qəribə görünən müqayisələr var: “Məsələn, Peyğəmbər (s) buyurub ki, bir kişinin öz xanımına ev işində kömək etməsi orucdan və gecə ibadətindən üstündür. İlahiyyatçı deyir ki, bu hədis orucu yaxud gecə namazını aşağılamır, əksinə, izah etmək istəyir ki, insan təvazökar və mehriban olmalıdır. Yəni əgər orucla gecə namazı insanda bu xüsusiyyətləri yaratmırsa, evdə xanıma yardım etmək kişidə müsbətə doğru dəyişiklik yaradar. Digər bir hədisdə deyilir ki, möminin hörməti Kəbədən üstündür. Bu hədis Allah evini aşağılamır, əksinə, bildirmək istəyir ki, daşdan ibarət olan və rəmzi xüsusiyyət daşıyan Kəbə evindən daha üstün olan Allahı qəlbində yaşadan insandır. Əgər Allah sevgisi olan qəlbə hörmət qoyulmazsa, Kəbəyə edilən hörmətin mənası olmaz. Qurani-Kərimin ”Bəqərə" surəsinin 253-cü ayəsində isə Allah buyurur: “Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik”. Bu o demək deyil ki, Quran ayəsi bəzi peyğəmbərləri müqayisə etməklə təhqir edir. Əsla! Ayə peyğəmbərlərin mərifətinə görə fərqli məqamlara sahib olduğunun təbii bir hal olduğunu çatdırır. Yaxud hədislərdə buyurulur ki, alimin mürəkkəbi şəhid qanından üstündür. Bu hədisin məqsədi elmin əhəmiyyətini vurğulamaqdır, şəhidi alçaltmaq yox. Xəstə düşüncəli insan hər bir şeydə səhv və çirkinlik axtardığı kimi, sağlam düşüncəli insan hikmət axtarar və gözəllik görər. Bu səbəbdəndir ki, ayə və hədislərə bəsirət və məntiqlə baxmaq gərəkdir".

"İmam Hüseyn (ə) dini mütilikdən sığortaladı, ona həyat verdi, namaza, oruca, Həccə yeni nəfəs gətirdi...”


Ş.Həsənli əmindir ki, Kərbəla hadisəsi İslamı yaşadan bir təkan olub: “1300 ildir Kərbəla olaylarının yaşadılaraq bu günə gətirib çatdırılmasının alt qatında İslamın diri saxlanması məqsədinə xidmət edib. Kərbəla matəmi yalnız İmam Hüseyn (ə) üçün deyil, həm də dinə qarşı təhriflərə tutulan yasdır. İmam Hüseynin (ə) Kərbəlası yaşadıqca əsl İslam da yaşadı. Kərbəla elə bir cazibə yaratdı ki, bütün anti-təbliğata rəğmən, düşmənlərin bütün səfərbərliyinə baxmayaraq, İmam Hüseynin (ə) adı yaşadı. İnsanlar Kərbəla ziyarətinə axışar, Aşura günü əza saxlayardı. Bu yalnız İmam Hüseynə (ə) olan yas deyildi, bu müsəlmanların dəyərləndirə bilmədiyi İslama tutulan yas idi. Göz yaşları əslində təhriflərə, bidətlərə, tərs yozumlara, zülmə məruz qalan İslama axıdılırdı. Məgər Quran və Peyğəmbər hədislərini hərfi mənada başa düşüb yaxud səhv yozub yer üzündə zülm törətmək, Allah və Peyğəmbərə (s) qarşı ən böyük həqarət deyil? Məgər buna acımaq, İmam Hüseynin məzlumluğu timsalında buna ağlamağa dəyməzmi? Məgər İmam Hüseynin (ə) Kərbəlası ilə tanış olmadan həqiqi İslamı anlamaq mümkündürmü?”

Hacı Şahinə görə, İmam Hüseyn (ə) dini quru qanun toplusu formasına düşməkdən qorudu və onun abstrakt fəlsəfi cərəyana çevrilməsinin qarşısını aldı: “İmam Hüseyn (ə) dini mütilikdən sığortaladı. İmam Hüseyn dinə həyat verdi, namaza, oruca, Həccə yeni nəfəs verdi. Ona görə də Aşura günü insanların Hüseynə tərəf yönəldiyini görənlər dinc qala bilmirlər. Odur ki, Kərbəla məktəbini ləkələməyə çalışırlar. Kərbəlasız İslam tərəfdarları başqa ölkədə dinc insanların qanını tökənləri, onlar kimi düşünməyənlərin başını kəsənləri mücahid və şəhid sayacaq. Kərbəlasız İslam fokusla insanları aldadana mürşid deyəcək. Kərbəlasız İslam yad mədəniyyətləri kor-koranə təqlid edəcək və bunu islahat adlandıracaq. Bundan əlavə, İslamı bir tərəfdən  terror dini kimi təqdim etmək, başqa tərəfdən müsəlmanları müti görmək istəyən supergüclər də Kərbəlanı nişana alırlar. Təsadüfi deyil ki, hər il Aşura mərasimlərindən sonra Kərbəla məktəbinə qarşı hücumlar aktivləşir.

Kimiləri Aşuranı İslam adı ilə vurur, kimiləri Aşuranı qeyri-milli, yad ənənə adlandırır, kimiləri cəhalətə sürükləyən ayin. İldə bir gün bütün xalq məscidlərə axışır, bir-birinə ehsan edir, məhəbbət göstərir, 1400 il öncə şəhid olmuş imama ağlamaqla həm şəhadət amallarına, həm təmənnasız məhəbbətə sahib olduqlarını göstərir. Bu adət 70 illik sovet qadağalarını aşa bildi və milli kimliyi qoruyan əsas amilə çevrildi. Bütün əks-təbliğata rəğmən, insanlar yenə də Aşuraya sədaqətini nümayiş etdirir. Nəinki müsəlman məzhəblərindən, hətta başqa dindən də məscidlərə gələnlər olur. Aşura mərasimi nəinki siyasi bir aksiya deyil, hətta bir ölkə hüdudlarında konfessional sərhədlərini aşaraq bəşəriləşir. Belə bir milli vəhdəti, görünür, hər kəs həzm edə bilmir.  Dindən siyasi mənfəət kimi, manqurtlaşma aləti kimi istifadə etmək, müsəlman ümmətini cəhalət və zillətə dartmaq istəyənlər bu və ya digər formada Kərbəla ilə mübarizə aparmağa məcburdurlar. Bu həmişə belə olub və belə də olacaq”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Noyabr, 2014  09:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!