|
Kamal Abdulla - Füzuli ömrü boyu həyatının mənasını İmam Hüseynin məqbərəsinə xidmətdə görürdüAhlibeyt.az-ın verdiyi xəbərə görə, bunu Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev "Azərbaycan" qəzetinə verdiyi müsahibədə ölkədə dini sahədəki görülən və gələcəkdə nəzərdə tutulan lahiyələrə toxunub..Müsahibənin aktuallığını nəzərə alaraq onun bir hissəsini nəzərinizə çatdırırıq: Müxtəlif rayonlarda insanlarla keçirdiyiniz görüşlərdə, məscidlərdə dindarlarla dizbədiz oturaraq apardığınız söhbətlərdə bu gün Azərbaycanda məscidin necə olması ilə bağlı maraqlı fikirlər səsləndirmisiniz. Sizcə, müasir Azərbaycan cəmiyyətinin dini-mənəvi ehtiyaclarını ödəyə bilən məscid necə olmalıdır? - Bu gün Azərbaycanda məscid ancaq məscid olmamalıdır. Bu gün məscid həm də mədəniyyət ocağı olmalıdır. Həm də mənəviyyat ocağı olmalıdır. Dövlətçilik, azərbaycançılıq ocağı, vətənpərvərlik məbədi olmalıdır. Bir yeniyetmə məscidə gələrkən məktəbin gözü bu uşağın arxasında qalmamalıdır ki, ay aman, məscid əhli çalışacaq ona təcili namaz qılmaq öyrətsin! Bilirsinizmi, əgər bu yeniyetmənin alnında varsa ki, o, namaz qılmalıdır, o, namaz qılacaq. O uşaq məscidə bir kitab dalınca gələ bilər. Və məsciddə bu kitab olmalıdır. Özünü "hüsni-xuda şairi" sayan Hüseyn Cavidin tutulub məhv edilməsinin bir səbəbi də "Peyğəmbər" kimi əsər yazması idi. Nə üçün onun əsərləri məscidlərimizdə olmasın?! Füzuli ömrü boyu həyatının mənasını İmam Hüseynin məqbərəsinə xidmətdə görürdü, özü də ölərkən İmam Hüseynin ayaqları altda basdırılmasını vəsiyyət etmişdi. Kərbəla şəhidlərindən ürək yanğısı ilə bəhs edən "Hədiqətüs-süəda" ("Xoşbəxtlər bağı") kimi bir əsər yazan dahi şairimizdir. Nə üçün Füzulinin əsərləri məscidlərimizdə olmasın?! Nizami Şeyx rütbəsinə yüksəlmiş və dövrünün ən ali mənəviyyat, elm sahiblərindən biri olmuşdur. Hər poemasını Allaha, peyğəmbərə sevgi dolu müraciətlə başlayır. Varmı Nizaminin əsərləri bizim məscidlərimizdə?! Onlarla, yüzlərlə bu cür misallar yada salmaq olar. Arzum budur ki, məscidlərimizdə dünyəvi kitablar olsun və bu kitabları həm gənclər oxusun, həm də, vacibi də elə budur - məscid əhli oxusun. Çox yaxşı haldır ki, bu gün məscidlərdə səslənən xütbələrdə Qarabağ şəhidlərimiz yad edilir, ağıllı, müdrik axundlarımız, imamlarımız vətənpərvərliyin, dövlətçiliyin həyatımızda nə dərəcədə vacib yer tutduğunu qeyd etməyi unutmurlar, din xadimlərimizin hərbi hissələrlə əlaqəsi möhkəmlənir. Və əlbəttə, dövlət gözləyir ki, məscidə gələn gənclərin qəlbinə burada Allah eşqi ilə bərabər, vətən, xalq, dövlətçiliyə sədaqət eşqi dolsun. Nə deməkdir dövlətçiliyə sədaqət? Əslində, bu ailəyə sədaqət deməkdir. Məscid bu ideyanı beyinlərdə möhkəmlətməlidir. Əgər bir məscidə gəlib-gedən yeniyetmə "Sən böyüyəndə kim olacaqsan" sualına "Mən böyüyəndə Azərbaycan zabiti olacağam!" cavabını versə, halal olsun bu məscidin axunduna və yaxud imamına, dini icmasına. Budur bu gün bizim məsciddən gözlədiklərimiz! Müstəqillik dövrünə 17 məscidlə qədəm qoyduğumuz halda, bu gün dövlətin qayğısı sayəsində 2000-ə yaxın məscidin fəaliyyət göstərdiyi ölkə üçün bu gözləntilər o qədər də çox deyil. - Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycanda bu gün həm siyasi, həm də mədəni-mənəvi baxımdan yeni dövr başlayıb. Belə bir zamanda ölkə dindarlarının böyük əksəriyyətini birləşdirən Qafqaz Müsəlmanları İdarəsi öz işinin öhdəsindən gələ bilirmi? - Çox gözəl gəlir! Şeyxin təşəbbüsü ilə bir sıra faydalı tədbirlər həyata keçirilir. Biri haqda xüsusi demək istərdim. Azərbaycanın bütün bölgələrdəki məscidlərinin axund və imamları bir yerdə, altını cızaraq deyirəm: bir yerdə, çox səmərəli təkmilləşmə kursları keçirlər, öz dünyəvi və ruhani biliklərini möhkəmlədirlər. Onlar üçün eyni geyim forması hazırlanır. Yeməkləri-içməkləri, qalmaqları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil edilir. Bir ay müddətində növbə ilə bu kurslarda hamı təhsil alacaq. Çox böyük maarifçilik işidir. Bu din xadimləri dini biliklərini təkmilləşdirməklə yanaşı, ölkənin bir sıra dövlət və hökumət, hüquq-mühafizə, televiziya, mətbuat adamları ilə də görüşür, maraqlandıqları sahə ilə bağlı əlavə məlumatlar alırlar. Mən özüm onlarla bir neçə dəfə görüşüb dərs keçmişəm. O məqam diqqətimi çəkib ki, bu ruhani şəxslərin dünyəvi biliklər almaq ehtiyacları və ən vacibi, həvəsləri var. Şeyxin təşəbbüsü təqdirəlayiqdir. - Səfər etdiyiniz rayon və şəhərlərdə məscidlərlə, kilsə, sinaqoq, məbədlə yanaşı, hətta bu gün fəaliyyəti olmayan bəzi kilsələrə də baş çəkmisiniz və bu kilsələrlə bağlı müxtəlif layihələrin həyata keçiriləcəyini bildirmişdiniz. Bu sahədə hər hansı iş aparılırmı? - Qazaxda bir kilsədə olarkən gördüm ki, bu, təmir olunmuş bir abidədir, ancaq gələni yoxdur. Rus Pravoslav Kilsəsinin başçısı arxiyepiskop Aleksandr Ataya təklif etdim, o, kilsənin Multikulturalizm Muzeyinə çevrilməsinə ürəklə razılıq verdi. İndi bu istiqamətdə işlər aparılır. Azərbaycanda məscid ilə kilsənin, sinaqoqun dünyanın heç bir yerində analoqu olmayan anlaşıqlı, səmimi, dərin qarşılıqlı hörmətə əsaslanan münasibəti var. Bu münasibətin əsl katalizatoru bir tərəfdən əgər cəmiyyətdirsə, digər tərəfdən dövlətdir. Elə bilirəm, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu istiqamətdə həyata keçirəcəkləri dəyərli layihələrlə cəmiyyətimizi sevindirəcəklər. - Kamal müəllim, Sizə elə gəlmirmi ki, yad dini təmayüllərin ölkəmizə ayaq açmasının kökündə insanlarımızın dini biliklərinin azlığı dayanır. Bununla bağlı hansı işlər görülməlidir? - Bəli, doğrudur. Dini biliklərin aşağı olması özünü göstərir. Belə olmasaydı, bəzi rayonlarda bəzi yeniyetmələr təmiz islam dininə yad təmayüllərə uymazdılar. Məktəb və universitetlər bu bilikləri artırmağın, dolğunlaşdırmağın daha optimal yollarını axtarmalıdırlar. Bunu təkcə müəllimlər, alimlər deyil, onlarla birgə din xadimləri, ilahiyyatçılar həyata keçirməli, bəlkə mövcud dərsliklərə, xüsusilə, "Həyat bilgisi" dərsliyinə müəyyən əlavələr etməyin faydasını götür-qoy etməlidirlər. Belə boşluqlar dərsliklərimizdə var. Bu istiqamətdə addımlar atmağın yollarını düşünürük. - Siz ötən əsrdə olduğu kimi, Azərbaycanda hələ də dindar kəsimlə elmi mərkəzlər, dünyəvi təhsil ocaqları arasında uçurumun olduğunu müşahidə edirsinizmi? - Maraqlı sualdır. Bu "uçurum"u kimlərsə əgər hökmən görmək istəyirsə, görəcək! Əslində, "bardağın o biri yarısı doludur". Tarixən elmi və dini mərkəzlər bir-birinin içində də mövcud olublar. Elm və din xadimləri, ədəbiyyat və din adamları bir personada da özünü göstəriblər. Bax, belə məqamları öyrənmək, üzə çıxarmaq vacibdir. Dünyəvi və dini düşüncə nə zaman birlikdə olub, nə zaman bir-birindən ayrı düşüb - bunun faydası nə olub, fəsadı nə olub?! Elm tarixi üçün bu, son dərəcə vacib məsələdir və deyim ki, mən bunun birmənalı cavabını bilmirəm. Bu gün Bilik Fondu "Dini abidələrimizdə tarixin izləri" adlı çox səmərəli bir layihə həyata keçirir. Bərdə İmamzadəsi kimi müqəddəs bir məkanın elmi təhlili, bərpası məsələləri gündəmə gətirilib. Görkəmli alimlər, din xadimləri, bərpa üzrə mütəxəssislərlə bir yerdə Bərdə ictimaiyyəti bu proyektə qoşulub. Bu hal həm elm ilə dinin yenidən bir-birinin yanında olması deməkdir, həm də məhz dini abidənin tarixi dərinliyində elmi dəyəri olan məqamların real olaraq üzə çıxarılmasıdır. Yenə də elm ilə dinin qədim birgəlik dövrünə işarəni görməmək olmur. Nəticədə, Bərdə İmamzadəsi kompleksinin hərtərəfli öyrənilməsi ilə Azərbaycan tarixinə kiçik bir cümlə də əlavə olunsa - nə böyük sevinc!.. - Bu gün ölkəmizdə bəzi müsəlman ailələrinin qeyri-ənənəvi müsəlman, hətta xristian dini təriqətlərinə qoşulduğunun şahidi oluruq, sizcə, bunun səbəbi nədədir - informasiya bolluğunda, ya informasiya azlığında? - Hər ikisində - həm informasiya bolluğunda, həm də informasiya azlığında. İnformasiya qədərində olmağı sevən dəyərdir. - Ölkəmizdə dini sahədə yerli kadr hazırlığı ilə bağlı fikirlərinizi bilmək istərdik. - Bu, çox mürəkkəb və çoxşaxəli məsələdir. Təkcə tədrislə bağlı problem deyil. Amma faydalı həlli mümkünsüz də deyil. Bu söhbət çərçivəsində indilik dərinə getmək istəməzdim. Xüsusi mövzudur. - Bu gün cəmiyyətdə ölkə televiziyalarında yayımlanan bir çox proqramlardan narazılıq vardır. Sizcə, insanların narazı olduqları bu proqramların yerini hansı tipli verilişlərlə, TV müsabiqələrlə doldurmaq olar? - Bölgələrin mədəniyyəti, arxeoloji zənginlikləri, mənəvi dünyası, flora və faunası ilə bağlı müəllif verilişlərini bir layihə kimi mütəmadi işləməklə biz TV-lərin vaxtını bizim hər birimizə faydalı məzmunla doldura bilərik. Təsəvvür edin: bölgə ziyalıları bu filmi özləri yaradır və TV-lərin vaxtı belə filmlərlə dolur. Bizdə milli coğrafiya, "Diskoveri", tarix, maarifçiliklə bağlı ayrıca TV-lər olmadığından bu məzmunda hazırlanmış verilişlər mövcud kanalları doldurub izləyiciyə nəfəs dərməyə imkan verməməlidirlər. Bunun realizə yolları var və bu istiqamətdə maraqlı məsələlər ortaya çıxır. - Uzun müddət rəhbərlik etdiyiniz Bakı Slavyan Universiteti ilə indi də hansısa əlaqəniz varmı? - Mən əvvəllər də, indi də Bakı Slavyan Universitetinin "Tərcümə" elmi-tədqiqat laboratoriyasına başçılıq edirəm. Bu laboratoriyanın çox önəmli məhsulları var. "Filoloqun kitabxanası - 100" seriyasını kitabsevərlər gərək yaxşı xatırlasınlar. Başqa bir layihəmiz artıq başa çatmış "Azərbaycan tərcümə ensiklopediyasıdır". Ölkədə belə bir ensiklopediya ilk dəfə hazırlanıb və onun işində bir çox görkəmli mütəxəssislər iştirak edir. Bakı Slavyan Universiteti, əslində, multikultural rejimdə işləyən nadir tədris müəssisəsidir. Bu gün də çalışırıq, əldə etdiyimiz dəyərlər, əlaqələr, ab-hava itməsin. - Sizin fəaliyyətinizi izləyirik və iş qrafikinizin çox gərgin olduğunu müşahidə edirik. Yaradıcılığa vaxt tapırsınızmı? - Bilavasitə yazmağa - çətin! Amma mən bu son aylarda, demək olar ki, bütün Azərbaycanı gəzib-dolaşdım. Müxtəlif insanlarla görüşdüm, münasibət qurdum. Çox şey yazıldı qəlbimə, yaddaşıma. Kim bilir, nə vaxtsa bu yazılar bəlkə də kağıza köçəcək?! Bəlkə də köçməyəcək?! Amma bu son 7-8 ay mənim özüm üçün başqa bir həyat universiteti oldu...
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Noyabr, 2014 16:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |