إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İmam Hüseyn (ə) bizi görsəydi... Fəxr edərdi, yoxsa...?

Qara bayraqlar, qara köynəklər, mərsiyələr, rozələr, sinəzənlər, göz yaşları. Müsəlmanlar Məhərrəm ayını yaşayır. Yüzilliklərin ənənəsinə uyğun olaraq. Əsrlər boyu dəyərli alimlərimiz, ustadlarımız, övliyalarımız imam Hüseyn (ə) hərəkatı haqqında o qədər dəyərli sözlər deyiblər, o qədər dəyərli əsərlər yazıblar ki, bu sahəyə nəsə bir yenilik gətirmək çox çətindiк. Bəlkə də, heç ehtiyac yoxdur. Sadəcə olaraq son günlərin, ayların hadisələri Məhərrəm mərasimləri fonunda bəzi düşüncələrə qərq etdi və bölüşməyə vadar etdi.

İmam Hüseyn (ə) qiyamı ilə İslamı yaşatdı. Allahın Kitabını, dinini qorudu. Ümməti, bəşəriyyəti, gələcək nəsilləri düşündü. Amma Kərbəla hadisəsinin bu qlobal dəyərləri kənarında həm də fərdlərə, imamın müasirləri olan insanlara yönələn bir qayğı var idi. Bir ata qayğısı. Bəlkə də əksinə idi, əsas mahiyyət hər bir fərdin qayğısını çəkməklə İlahi dəyərlərin yaşadılması idi? Bilmirəm... Ancaq imam Hüseynin (ə) bəzi davranışları çox düşündürür məni. Onları bir zəncirin halqaları təsəvvür edirəm, sonra da nəticə çıxarmağa çalışıram. Amma nəticələr əvəzinə suallar meydana gəlir...

Məsələn, deyilənlərə görə imam kufəlilərin məktublarını yandırıb. Məqsəd isə bu məktubları yazanların Yezid tərəfdarlarından amanda qalması olub. Ölümün astanasında dayanan peyğəmbər övladı faktiki olaraq ona xəyanət edənləri xilas edib.

Digər misal. İmam ocaqları söndürməyi əmr edib və bütün istəyənlərə onu tərk etmək üçün imkan yaradıb.

Sonra. Deyilənlərə görə Aşura günü bütün səhabələri qətlə yetiriləndən sonra imam Hüseyn (ə) Yezid ordusuna müraciət edib. Deyib ki, məni qətl etməklə özünüzü Cəhənnəmə məhkum etməyin. Bunu 6 aylıq körpəsini qan içində indicə anasına təhvil verən ata deyib.

Bu üç hadisəni bir araya gətirib suallar vermək istəyirəm. Nə üçün imam onu satanlara mərhəmət etdi? İmama xəyanət edən Cəhənnəmə məhkumdu ya yox? Əgər cavab “hə” olsa, o zaman imamın davranışının məntiqi izahı nə idi? Əgər cavab “yox”dursa, o zaman müasir müsəlmanların bir-birini təkfir, təhqir etməsinə nə don geyindirək? Özü də bu müsəlmanlar Məhərrəmlikdə yas tutub imama ağlayanlardı, nəzərdən qaçırmayaq! Mən onları nəzərdə tuturam.

Başqa sual: imam ocaqları söndürülməsini buyuranda bu fürsətdən istifadə edib aradan çıxan və “Kərbəla şəhidi” zirvəsindən “imamı tərk edənlər” quyusuna yuvarlanan Cəhənnəmə məkum idimi? Əgər cavab “hə” olsa, o zaman imamın bu davranışının məntiqi nədir? Əgər cavab “yox”dursa, o zaman 21 əsrin Əhli-Beyt (ə) tərəfdarlarının bir-birini aşağılamasını, “sən hüseynçi deyilsən!” ittihamını irəli sürməsini, “sən heç Kərbəlanın ətrini belə duymamısan!” söyləməsini, “Filankəs zalımlara beyət edib!” atmacasını necə anlayaq? Yəni sən imamı tam dərk etmisən, o isə yox? Sən düz yoldasan, o isə yox? Yoxsa zamanın imamı deyib bunu sənə?

Üçüncü sual: bütün səhabələrini, yaxınlarını qətl edən cinayətkarlara üzünü tutan imam onlardan xahiş edir ki, heç olmasa onu qətl etməsinlər. Məqsəd məgər ölümdən xilas olmaq idi? Əlbəttə ki, yox. İmam qarşı tərəfi düşünür yenə. Əgər Yezid ordusunun əlləri Əhli-Beytin qanına bulaşmış üzvləri Cəhənnəmə vasil olacaqdılarsa, o zaman imamın səyləri nə üçün idi? Yox, olmayacaqlardısa, milyondan bir şansları var idisə və imam da bu şansı onlara verirdisə, bəs biz nə üçün bizimlə Məhərrəm ayında bir səfdə dayanaraq sinəsinə vuran, lakin bəzi məsələlərdə bizimlə həmfikir olmayan qardaşımıza bu şansı tanımırıq?

Və, nəhayət, son, yekun sual. İmam Hüseyn (ə) öz tərəfdarlarının indiki durumunu görsəydi əllərini Allahın dərgahına qaldırıb hansı duanı edərdi? “İlahi, çox şükür ki belə tərəfdarlarım var?”. Yoxsa “İlahi, sən bu tərəfdarlarımı ücbdən, təkəbbürdən, sui-zənndən uzaq et!”. Ya bəlkə başqa dua? Bilmirəm...

P.S. Bu yazdıqlarımı kimsə “ağıl vermək” kimi dəyərləndirməsin, lütfən. Əgər kiminsə heysiyyatına toxundusa, əvvəlcədən deyim: nə alim, nə “hüseynçi”, nə “əsl mömin”, nə də başqa iddiada deyiləm. Sadəcə olaraq qardaşlarımın bir-birinə bu qədər kin-küdurətli davranışlarına biganə qala bilmədim. Özü də Məhərrəm ayında, bizi birləşdirən ayda.

mənbə

İslam.az.- Vüsal Əliyev

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Oktyabr, 2014  18:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!