إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakıda “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlərin V Konfransı keçirilir

 

Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi  məlumata görə, tədbirdə 60-dək ölkədən ümumilikdə 220-dən artıq nümayəndə iştirak edir.

 

Konfransda əvvəlcə IV konfransın sədri, İndoneziyanın Azərbaycandakı səfiri Raden Prayono Atiyanto çıxış edib. Qadınların cəmiyyətdə rolunun gücləndirilməsinin  vacibliyinə toxunan  səfir vurğulayıb ki, bundan əvvəlki konfrans Cakartada keçirilib və çox önəmli qərarlar qəbul edilib, bir sıra nailiyyətlər əldə olunub: "Bakı konfransı da qadınların hüquqlarının qorunması, cəmiyyətdə iştirakının genişləndirilməsi sahəsində görüləcək işlərə öz töhfəsini verəcək”.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə çıxışında konfransın gündəliyi haqqında məlumat verib. H. Hüseynova bildirib ki, dünya və İslam ölkələri müharibə və qanlı toqquşmalar mühitində yaşayır: "Qadınlar bu sahədə öz töhfələrini verəcəklər. V Konfransın keçirilməsinin Azərbaycana həvalə olunmasına görə İƏT-ə Azərbaycan qadınları adından təşəkkür edirəm".

 

Hicran Hüseynova çıxışında hazırda Azərbaycan qadınının cəmiyyətdə yüksək yer tutduğunu deyib: “Bu gün qarşıya çıxan problemlərin öhdəsindən gələ bilmək üçün mərkəzdə və ya ucqarda olmasından asılı olmayaraq, hər yerdə təhsilli, təcrübəli qadınlar görmək istəyirik. Qadınları ictimai və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan çəkindirən bir sıra sosial-psixoloji amillər var. Onların aradan qaldırılması üçün məlumatlandırma və maarifləndirmə işlərinin aparılması zəruridir”.

 

H. Hüseynova bildirib ki,  Ermənistanın Azərbaycana təcavüzü Azərbaycanın 20 faiz torpaqlarının zəbt  edilməsi ilə yanaşı bir sıra xoşagəlməz,  mənfi sosial hadisələrin baş verməsinə də səbəb olub: "Ölkədə 1 milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.  Onların 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu isə uşaqlar təşkil edirdi. Bu rəqəmlərin hər birinin arxasında bir ailənin faciəsi dayanır".

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

 

Məktubda qeyd olunub ki, müstəqil Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı faydalı münasibətlər quraraq bu gün ən müxtəlif sahələrdə birgə səmərəli fəaliyyət göstərir.

 

Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatının qadın məsələləri üzrə nazirlərinin əvvəlki - İstanbul, Qahirə, Tehran və Cakarta konfransları, eləcə də Bakı konfransı cəmiyyətlərin inkişafında qadınların rolunun gücləndirilməsinə mühüm töhfədir. Məktubda o da vurğulanıb ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində humanitar fəlakətlə üzləşmiş Azərbaycanda qadınların pozulmuş hüquqları indiyədək bərpa olunmayıb. Bir sıra mötəbər qurumların, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyən qərarlarına baxmayaraq, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması istiqamətində göstərilən səylər hələ də nəticəsiz qalmaqdadır: “Əminəm ki, konfransınız qadınların inkişafda rolunun artırılmasına dair geniş və səmərəli müzakirələr aparacaq, gələcək illərdə beynəlxalq və milli səviyyələrdə tədbirlərin həyata keçirilməsi prosesində mühüm mərhələ olacaq”.

 

İƏT-in baş katibinin müavini Muhammad Naim Xan tədbirin keçirilməsinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

 

Baş katibin müavini İslam dininin qadınların hüquqlarını müdafiə etdiyini qeyd edib.

 

BMT baş katibinin köməkçisi və BMT Qadınlar təşkilatının icraçı direktorunun müavini xanım Lakşmi Puri çıxışında bildirib ki, qadınların və kişilərin bərabər fəaliyyəti qadınların hüquqlarının qorunmasını təşviq edir: "Bu gün dünyada qadın və uşaqlara qarşı zorakılıq və onların hüquqların pozulması hələ də davam edir. Azərbaycan qadınların hüquqlarının qorunması sahəsində qətiyyətli addımlar atılıb”.

 

Qeyd edək ki,  konfrans çərçivəsində qadın məsələləri üzrə məsul nazirlərin üzv ölkələrdə qadınların statusu ilə bağlı sənədin imzalanması və "Bakı bəyənnaməsinin" qəbul edilməsi,  həmçinin İordaniya Haşimilər Krallığı və Malayziyanın müvafiq nazirlikləri ilə Azərbaycanın dövlət komitəsi arasında qarşılıqlı anlaşma memorandumlarının imzalanması nəzərdə tutulub. Konfrans öz işini sabah da davam etdirəcək.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Oktyabr, 2014  13:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!