إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli-“Gələcəkdə hətta toy mərasimləri ilə də bağlı eyni tədbirləri görməyə ehtiyac var"

“İslami qaydalara əsasən insan dünyasını dəyişdikdən sonra bir neçə göstərişin həyata keçirilməsi vacibdir. Bura meyit qüsulu, ölən şəxsin kəfənlənməsi, cənazə namazının qılınması və dəfn edilməsi daxildir. Şəriətin vacib əməlləri burada bitir.”

Ahlibeyt.az-ın Azadxeber-ə istinadən verdiyi məlumata görə tanınmış ilahiyyatçı alim     Hacı Şahin Həsənli, bəzi şəhər icra hakimiyyətlərinin yas mərasimlərində ehsan süfrələrinin yığışdırılmasına dair göstərişlərin verməsinə münasibət bildirərkən qeyd edib.

İlahiyyatçının sözlərinə görə, islami baxımdan vəfat edən şəxsin ilk günlərində ehsan vermək, həmçinin əza sahiblərinin yanında nəyisə yemək bəyənilmir: “Təbii ki, bunun məntiqidə var. Əziz insanını itirmiş bir ailə yalnız öz dərdi ilə məşğul olmalıdır. Onun yasa və qəmə düçar olduğu bir vaxtda bazarlıq edib camaata yemək hazırlaması düzgün deyil. Azərbaycanda isə ehsan süfrələrinin açılması ifrat səviyyəyə çatıb. Artıq vəziyyət o yerdədir ki, insanlar ehsan məsələlərində bir-bir ilə yarışa giriblər. Hətta bu günə qədər kredit götürüb ehsan verən ailələr də olub. Bəzən şan-şöhrət üçün ehsan verən insanlara da rast gəlmək mümkündür.  Bunun da ağrısını əsasən az təminatlı ailələr çəkir.!"

Şahin Həsənli onu da əlavə etdi ki, din xadimləri də vaxtaşırı ehsan süfrələrinin yığışdırılmasına dair tövsiyələr verirlər: “Bəzi bölgələrimizlə yanaşı paytaxt qəsəbələrində də ağsaqqalların təşəbbüsü ilə artıq bu cür məclislər yığışdırılıb. Buna baxmayaraq çox yerdə bu adət ənənələr davam edir.”

Problemin hansısa inzibati yollarla tənzimlənməsinə  normal yanaşdığını söyləyən Şahin Həsənli, “təbii ki, inzibati yollarla da bir günün içində sözügedən problemin qarşısını almaq mümkün deyil. Çünki bu cür hallar oturuşmuş bir adət-ənənədir. Eyni zamanda din xadimlərinin tövsiyələri və müəyyən inzibati qaydalardan istifadə edərək problemin qarşısını almaq olar” – deyə bildirdi: “Gələcəkdə hətta toy mərasimləri ilə də bağlı eyni tədbirləri görməyə ehtiyac var. Toylarımızdakı menyuların inzibati qaydalarla tənzimlənməsi doğru olardı.

Bəzi insanlar yas mərasimini dini mərasim kimi qələm verməyə çalışır. Əslində yasların hansısa formada dinə heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq həmin mərasimlərdə dünyasını dəyişmiş şəxsin axirəti üçün Quran və dualar oxunur.”
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2014  15:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!