|
Hacı Şahin Həsənli- “Yasın ilk günlərində verilən ehsan süfrələri İslamda bəyənilmir”“Cəmiyyətdə sanki bir rəqabət yaranıb və insanlar yaxşı ehsan vermədikdə özlərini günahkar hesab edirlər” Azərbaycanda dövlət hüzr mərasimlərində ehsan verilməsi qaydalarına nəzarət edəcək. Məqsəd yas mərasimlərində israfçılığın qarşısının alınmasıdır. Hökumət bunla bağlı konkret qaydalar müəyyənləşdirib və artıq həm dövlət işçilərinə, həm də ilahiyyatçılara lazımi göstərişlər verilib. Bəs uzun illərdir, Azərbaycan cəmiyyətinin ənənəsinə çevrilən ehsan süfrələrinin xüsusi qaydalarla tənzimlənməsinə din xadimlərinin münasibəti necədir? İslam dinində ölən adama ehsan verilməsi ilə bağlı hər hansı qaydalara varmı?
Məsələ ilə bağlı ilahiyyatçı alim Hacı Şahin Həsənli musavat.com-un suallarını cavablandıraraq bildirmişdir ki, israfçılıq həddinə çatan ehsan süfrələri, xüsusən də onun yasın ilk günlərində verilməsi dini baxımdan da bəyənilmir: “Yas mərasimlərində ehsan verilməsi dinin göstərişlərinə də uyun deyil. Dini baxımdan insan dünyadan köçdükdən sonra ona qusul verilməli, kəfənə bükülməli, meyit namazı qılınmalı və dəfn edilməlidir. Ölən şəxs üçün dinin hökmləri bundan ibarətdir. Ona sonradan ehsan verilməsi əlavələrdir. Hətta şəriət kitablarında insan dünyadan köçəndən sonra ilk günlərdə onun üçün ehsan verilməsi bəyənilməz hesab olunur, məkruh sayılır. Bu səbəbdən bu cür məhdudiyyətlərin qoyulmasına normal yanaşmaq lazımdır. Bəzi kəndlərdə və qəsəbələrdə ağsaqqallar belə qaydalar tətbiq ediblər. Bu qadağalardan ən çox faydalanan aztəminatlı ailələr olacaq. Cəmiyyətdə sanki bir rəqabət yaranıb və insanlar yaxşı ehsan vermədikdə özlərini günahkar hesab edirlər. Bu ənənəni bir gündə inzibati yola aradan qaldırmaq mümkün deyil. Ancaq din xadimləri, bu məsələdə xüsusi fəallıq göstərməlidir və insanlara bu aşılanmalıdır ki, yasın ilk günlərində ehsan verilməsi ümumiyyətlə məqsədəuyğun deyil”.
“Verilən ehsanlardan ölən adama nə qədər savab çatır” sualına gəlincə, Hacı Şahin qeyd etdi ki, insan istənilən zaman ehsan verib, savabını ölən şəxsə hədiyyə edə bilər. Ümumiyyətlə ehsan yaxşılıq mənasını ifadə edir və təkcə yeməyə aid edilmir. İstənilən bir xeyirxah işin savabı ölüyə ehsan edilə bilər. Daha yaxşı olar ki, bir müddət keçəndən sonra ehtiyaclı insanlar üçün, qocalar evlərində, uşaq evlərində ehsanlar verilsin. Ehsanlar bu şəkildə təşkil olunsa daha yaxşıdır. Biz ehsanın mahiyyətini unuduruq. Belə halda ölən insan yaddan çıxır və insanlar özlərini göstərmək üçün daha bahalı süfrə açmaqda rəqabətə çıxırlar, müəyyən normalar müəyyən olunub məclislər üçün. Bunun dinlə heç bir əlaqəsi yoxdur”.
Din xadiminin sözlərinə görə bu qaydalar daha çox aztəminatlı təbəqənin mənafeyinə uyğundur: “Ehsan süfrələri cəmiyyətdə məcburi bir qaydaya çevrilib artıq. Bu qadağanı tövsiyə kimi verəndə biri əməl edəcək, biri isə yox. Amma ümumi bir qadağa tətbiq edilsə və ilk növbədə də zəngin insanlar buna əməl etsə, digərləri üçün də daha asan olar. Aztəminatlı insanlar bundan daha çox faydalanacaqlar. Ehsan verməmək ayıb sayılar deyə, borca girib, kredit götürüb ehsan verən insanlar var. Bu dinə tamamilə zidd addımdır. Hər hansı şəkildə bunun tənzimlənməsi çox yaxşı olar. Hətta mən toy mərasimlərinin də müəyyən qədər tənzimlənməsinin tərəfdarıyam. Bu məsələdə həm dövlət qurumları, həm ziyalılar, həm də ilahiyyatçılar səylərini birləşdirib təbliğat, maarifləndirmə apararsa, məsələnin mahiyyəti insanlara düzgün çatdırılarsa bu problem tezliklə öz həllini tapar”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Avqust, 2014 20:49 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |