إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Şəhidlər, onlara “leş” deyənlər və təhsil sistemi

Ermənistanla qarşıdurmada Azərbaycan döyüşü uduzub. Nəticədə torpaqlarımızın 20 faizi düşmən tapdağındadır. Amma müharibə hələ davam edir. Döyüşü uduzmaq müharibədə məğlub olmaq anlamına gəlmir. Nə zamansa, bəlkə də lap tez, mənfur düşmənlə üz-üzə gələcəyik, qan tökəcəyik, qanımız axacaq. Orduların təmas xəttindəki son itkilərimiz bunun bir təsdiqidir. Amma sözügedən ağır itkilər başqa məsələlər haqqında da düşünməyə vadar etdi.

Əvvəla, qeyd etmək lazımdır ki, müharibə itkisiz olmur. Hətta dünyanın ən qüdrətli ordusuna malik dövlət cırtdan bir məmləkətə qarşı keçirəcəyi əməliyyat zamanı qurbanlardan sığortalanmayıb. Bəli, qurbanlar qaçılmazdı, amma onların sayını mümkün qədər azaltmağa səy göstərmək lazımdır. Necə? Əlbəttə ki, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi və ordunun əm müasir silah və texnika ilə təchizatı bu işdə böyük rol oynayır. Amma qeyd edilənlər bilavasitə orduya aiddir. Halbuki, toxunduğumuz problemin həllinə cəmiyyətimizin, gündəlik həyatımızın digər sahələrində də töhfə vermək mümkündür. Bir misal kimi təhsil sistemini göstərmək olar. Bu sistemin boynuna başqa vəzifələr də düşür ki, bunu da son hadisələr qabarıq şəkildə sübut etdi.

Məsələ burasındadır ki, Azərbaycan şəhidlərinə yas tutduğu dönəmdə bir qrup insan (onlara “insan” deməklə bəlkə də bəşəriyyətin haqqını tapdayırıq, amma yenə də...) tapıldı ki, vətən qeyrətini çəkərək canlarını fəda edən ərənlərimizi “leş”, “murdar”, “kafir” adlandırdılar. Belələri 1,5 və hətta 10 da deyillər, təəssüf. Onların bir qismi artıq Suriyada və İraqda terrorçulara qoşulublar, bir qismi isə hələ “Tağut ölkəsi” hesab etdikləri vətəndə iç üzlərini faş etmək üçün münasib zaman gözləməkdədirlər. Bəs belə neqativ halların qarşısını almaqda təhsil sistemimiz nə kimi faydalar verə bilər?

Orta və yaşlı nəsil nümayəndələri yaxşı xatırlayarlar: Azərbaycan Sovet imperiyasının tərkibində olduğu dönəmdə bütün orta məktəblərdə İbtidai hərbi hazırlıq fənni tədris olunurdu. İki il ərzində gənclər orduda xidmətə qismən də olsa hazırlanırdılar. Baxmayaraq ki, o zamanlar Sovet ordusu planetin ən güclüsü idi, bu işə çox ciddi önəm verilirdi. Ordu sıralarına çağırılan gənc bir çox baxımdan əsgər olmağa hazır idi. Bu gün orta məktəblərdə analoji fənnin nə dərəcədə tədris olunmasına dair fikir yürütmək istəməzdim. Sadəcə bir məqamı qeyd etməklə kifayətlənək: tədris nə qədər yüksək olsa da, onun səviyyəsini bir qədər də artırmaq, təkmilləşdirmək lazımdır. Çünki hər an 18-60 yaş arası azərbaycanlı kişilər vətəni azad etmək üçün səfərbər ola bilərlər. İtkilərin mümkün qədər az olması isə yekun zəfərin əsas şərtlərindəndir.

Digər tərəfdən isə, orta məktəblərdə tarix fənninin tədrisində də reallıqdan irəli gələn dəyişikliklər olmalıdır. Bu gün İnternet məkanını əlində silah olan kiçik yaşlı erməni dığasının türklərə və azərbaycanlılara nifrət dolu ifadələrini əks etdirən video görüntüləri dolaşmaqdadır. Ermənilər öz uşaqlarını belə tərbiyə edirlər. Biz demirik ki, azərbaycanlılar da insani dəyərlərini itirən bədnam qonşuları kimi övladlarını nifrət üzərində kökləsinlər, böyütsünlər. Amma ən azından gələcək nəsil ermənilərin xalqımıza olan düşmənçiliyinin təməlinin 1918-ci ildə deyil, əsirlər öncə qoyulduğunu bilməli, müvafiq də tərbiyə almalıdır.

Və daha bir məqam. Gələcəkdə xalqın ən dəyərli övladlarına “leş” deyənlərin olmaması üçün, belə çürük təfəkkürə maliklərin ermənilərlə ölüm-dirim savaşı zamanı arxadan əsgərlərimizə güllə atmaması üçün orta məktəblərdə NƏHAYƏT ki, dinin əsaslarının tədrisinə başlanmalıdır. Yeniyetmələr İslamın baş kəsmək, qan tökmək, ölkələri viran etmək deyil, barış və sülh dini olduğunu erkən yaşlarından qavramalı, canlarına və qanlarına hopdurmalıdırlar. Din axtarışında olan gənc bu mənəvi ehtiyacını bəzi qərb qüvvələrinin İslama zərbə vurmaq üçün ərsəyə gətirdiyi anti-bəşər cərəyanların nümayəndələri vasitəsi ilə deyil, dövlətin nəzarətində olan təhsil sistemi vasitəsi ilə ödəsə daha yaxşı olar. Bu addım atılsa, ilk növbədə udan Azərbaycan və dövlətçiliyimiz olacaq.

Sonda isə qeyd etmək istərdik ki, keşməkeşli tarixə malik xalqımız böyük qurbanlar verərək nəhayət müstəqil dövlət qurmağa nail olub. Bu müstəqilliyə zərbə vura biləcək istənilən potensial təhlükəyə qarşı son dərəcə amansız və qətiyyətli olmaq lazımdır. İstər bu təhlükə sərhədlərimizdən kənarda olsun, istərsə də öz içimizdə.

Mənbə-islam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Avqust, 2014  15:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!