إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Elşən Mustafaoğlu- "Ümid edək ki, Azərbaycan müsəlmanları son günlərdə meydana gələn növbəti təxribata uymayacaq"

Bir neçə gün öncə Qafqaz Müsəlman İdarəsi (QMİ) Ramazan bayramı ilə bağlı açqlama verərək, ölkəmizdə bayram namazının iyulun 29-da qılınacağını bəyan etdi. Adətən QMİ-nin sözügedən qərarı Şamaxı Rəsədxanasının məlumatlarına əsaslanaraq verilir. Bu dəfə də, böyük ehtimalla, məhz belə olub. Lakin gözlənilmədən Rəsədxananın aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə namizəd Nazim Hüseynov yerli KİV-ə belə bir açıqlama verib: “İyulun 27-si Ramazan ayının sonuncu günüdür. Sabah oruc tutulacaq. Ayın təzələnməsi bu gündür, yəni iyulun 27-də. Ayın 28-də isə bayram olmalıdır. Bayram namazı da həmin gün qılınmalıdır”.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə məsələ ilə bağlı ilahiyyatçı-alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu SalamNews-a bildirib ki, Nazim Hüseynovun sözügedən açıqlamasına təəccüb etdiyini söylədi: "Rəsədxananın aparıcı elmi işçisinin belə bir "fətva" verməsi, düzü, məni təəccübləndirdi. Axı o, məsələ ilə bağlı yalnız öz elm sahəsinə aid fikirlərini söyləyə bilər, hərçənd Nazim bəy nə zaman oruc tutulacağı, nə zaman bayram ediləcəyi, bayram namazı qılınacağına dair "fətva" verir. Din alimi olmayan, din sahəsi üzrə çalışmayan bir şəxsin belə bəyanatla çıxış etməsinə təəssüf edirəm. Axı sözügedən məsələ sırf fiqhi məsələdir."

Ekspertin sözlərinə görə, Hicri-Qəməri təqvimlə yeni ayın daxil olması şəriətə görə, təkcə ayın səmadakı durumu ilə deyil, ayın batıb-doğmasının müşahidəsilə ilə bağlıdır: "Şəriətə görə, insanlar yaşadıqları məntəqədə səmada yeni ayın doğuşunu görüb, səhərisi gün üçün Qəməri təqvimlə yeni ayın daxil olduğunu təyin edirlər. Yəni söhbət təkcə astronomik hesablamalardan deyil, yeni ayın görünməsindən gedir. Bizim məntəqəmizdə isə ayın görünməsinin iyulun 28-ə təsadüf edəcəyi gözlənildiyindən, onun səhərisi, yəni iyulun 29-u Şəvval ayı daxil olur və bayram elan edilir. Bayram namazı da məhz həmin gün qılınır."

E.Mustafaoğlu bildirdi ki, Nazim bəy öz elm sahəsində peşəkar mütəxəssis ola bilər, lakin o, görünür məsələnin dini aspektindən xəbərsizdir: "Buna baxmayaraq, Nazim müəllim "fətva" verib cəmiyyətdə çaşqınlıq yaradır. Maraqlıdır, deyilmi? Axı nə üçün Şamaxı Rəsədxanasının direktoru Əyyub Quliyev, direktor müavinləri Elçin Səfərli, Xıdır Mikayılov, elmi katib Vaqif Xəlilov və s. qalıb bir kənarda, belə həssas məsələdə ön plana Nazim Hüseynov çıxıb? Belə bir bəyanatla çıxış etməyə onu nə vadar edib? Haqq axtarışı, elmə olan sevgisi, ya sadəcə təəssübkeşlik?"

İlahiyyatçı Rəsədxana əməkdaşının bəyanatında həqiqətə uyğun olmayan məqamların olduğunu vurğuladı: "Nazim bəy deyir ki, bayram 28-də olmalıdır. Üstəlik, iddia edir ki, QMİ-nin elan etdiyi şəkildə hesablanarsa, guya "orucluq ayı 31 gün olur". Halbuki bu, ağ yalandır. Məlum olduğu kimi, bu il Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, digər körfəz ölkələri, Pakistan, Misir, İordaniya və s. ölkələrdə olduğu kimi, QMİ ölkəmizdə də Ramazan ayının ilk günü olaraq iyunun 29-nu elan etmişdi. Həmin tarixdən isə 30 gün məhz iyulun 28-də tamamlanır, iyulun 29-u isə bayram günü olur. Yəni Nazim bəyin dediyi kimi, Ramazan ayı 31 gün deyil, məhz 30 gün olur."

Ekspert din sahəsinin olduqca həssas bir sahə olduğunu bildirərək belə məsələlərə hər kəsin daha həssas və daha məsuliyyətli yanaşmasının zəruri olduğunu vurğulayıb: "Nazim müəllimin bəyanatı elmilik yükü daşımır. Bu bəyanat sırf təəssübkeşlik mövqeyini əks etdirir. Məlum olduğu kimi, bu il Türkiyədə bayram günü iyulun 28-də qeyd edilir. Bəzi şəxslər də şəriət meyarına deyil, elə buna əsaslanıb ölkəmizdə də Türkiyə Diyanət Başqanlığının qərarına təqlid edilməsini istəyirlər. Nazim Hüseynovun sözlərindən onun da məsələyə bu prizmadan yanaşdığı bəlli olur. Amma belə yanaşma doğru deyil axı. Görünür hələ də bəziləri Azərbaycanın müstəqil mövqeyə sahib olmasına, yerli qurumlarımızın, o cümlədən QMİ-nin müstəqil mövqe bildirməsinə alışa bilmirlər."

İlahiyyatçı bunu da qeyd etdi ki, Türkiyədən fərqli olaraq, Səudiyyə Ərəbistanında Hicri-Qəməri təqvim dövlətin rəsmi təqvimidir və orada yeni ayın doğuşu üzrə ixtisaslaşmış xüsusi komissiya fəaliyyət göstərir: "Həmin komissiyanın rəyi əsasında ölkənin ali məhkəməsi yeni ayın daxil olduğunu elan edir. Səudiyyə Ərəbistanında da bu il Ramazanın ilk günü Azərbaycanla eyni gündə - 29 iyunda elan edildi. Ötən gün isə sözügedən komissiyasının rəhbəri bəyan edib ki, bu il bu məntəqədə yeni ayın görünməsi iyulun 28-nə, bayram günü də 29-a təsadüf edəcək."

E.Mustafaoğlu məsələnin sadə həll yolunun olduğunu da vurğulayıb: "Səma hamı üçün açıqdır. Buyurun müşahidə edək, yeni ay nə zaman görünsə, səhəri günü bayram edək. Bu qədər sadə. Elə Rəsədxananın hesablamalarına görə, ay məhz 28-də görünəcək. Deməli bayram da 29-da olacaq."

Ekspertə görə, bu məsələ ilə bağlı cəmiyyətimizdə ixtilaf salanlar nəzərə almalıdırlar ki, dünyanın İslam ölkələrinin böyük hissəsi bu il iyunun 29-da Ramazana start veriblər və böyük ehtimalla, əksəriyyəti də elə iyulun 29-da bayram edəcəklər: "Təəssüflər olsun ki, nə bu məqam, nə də məntəqəmizdə yeni ayın görünməsi ixtilaf salanları maraqlandırmır. Bir çox hallarda təəssübkeşlik və ya başqa maraqlar İlahi dəyərlər üzərinə pərdə çəkir. Təəssüf. Halbuki bütün dünya müsəlmanları yekdilliklə Həzrət Məhəmməd peyğəmbərin (s) "ayın görüb, orucluğa başlayın və yeni ayı görüb, orucluğu sona çatdırın" deyə buyurduğunu qəbul edirlər."

E.Mustafaoğlu sonda hər kəsi cəmiyyətdə təxribatlara yol aça bilən bəyanatlardan çəkinməyə çağırdı. O, bunları əlavə etdi: "Ümid edək ki, Azərbaycan müsəlmanları son günlərdə meydana gələn növbəti təxribata uymayacaq, pisi yaxşıdan, haqqı nahaqdan ayırmağı bacaracaqlar. Bayram gününü hər kəsə ixtilafdan uzaq, xoş ovqatla, ilahi sevinclə keçirməyi diləyirəm. Bayramımız mübarək olsun."

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyul, 2014  18:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!