إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli-Əgər İŞİD-i təfkirçi və islama aid olmayan qrup sayırlarsa, gəlsinlər bir yerdə bəyanat verək

Suriyada və İraqda baş verən hadisələrdən sonra əksər insanları düşündürən əsas sual Azərbaycanda məzhəblərarası qarşıdurmanın baş verməsi ehtimalı ilə bağlıdır.

 

Ahlibeyt.az-ın verdiyi xəbərə görə görə məsələ ilə bağlı “Mənəvi dünya” İctimai Birliyinin rəhbəri və Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli Axar.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

 

- Suriyada başlayan prosesi indiki vəziyyətə gətirib çıxaran əsas səbəblər nə oldu?

 

- Hadisələr ilk olaraq Suriyadan başladı. İnsanlar küçələrə islahat tələbləri ilə çıxdı. Daha sonra isə, Qərb ölkələri bu etirazdan istifadə edərək bu gün gördüyünüz qüvvələri maliyyələşdirib silahlandıra bildi. Suriyada dağıdıcılıqla məşğul olmağa başladılar, məzhəb davaları saldılar. Belə təqdim etməyə çalışdılar ki, guya Suriyadakı dava məzhəblər arasında gedir. Beləliklə, digər ölkələrdə yaşayan radikal təfəkkürlü insanları özlərinə cəlb etməklə dağıdıcı fəaliyyətlərini daha da genişləndirdilər. Ölkədə islahat tələbləri ilə keçirilən aksiyalara məzhəblər arası dava donu geyindirdilər. Müsəlmanlar üçün müqəddəs olan qəbirləri dağıtmağa başladılar. Peyğəmbər səhabələrinin qəbirlərini, ziyarətgahlarını uçurub dağıtdılar. Məzhəb davası salmaq üçün bu fikri yaymağa çalışırdılar ki, qəbirləri uçuranlar sünnilərdir. Bu absurd fikirdir. Heç bir sünni peyğəmbər nəvəsinin məqbərəsini uçurmaz. Həzrəti Hüseyn təkcə şiə məzhəbinə məxsus deyil, o, bütün müsəlman dünyasının dəyəridir. O cür mənfi əməllərlə məşğul olan, müqəddəs yerləri uçuran insan sünni ola bilməz.

 

- Bəs sünni olduğu iddia edən təfkirçilərlə həqiqi sünniləri necə ayırd etmək olar?

 

- Təfkirçiliyə xas olan əsas xüsusiyyətlərdən biri inkarçı olmaqdır. Onlar özlərindən başqa bütün məzhəbləri inkar edirlər. “Bizim kimi düşünməyənlər bizim düşmənimizdir” düşüncəsi ilə hərəkət edən insanlar qeyri-mötədil xətti təmsil edirlər və onların islam ilə heç bir əlaqəsi yoxdur. Şiə və sünni məzhəblərinin müxtəlif məsələlərə baxışı fərqli ola bilər, ancaq ümumi olaraq heç biri digərini inkar mövqeyi tutmayıb. Bizim dinimiz insanlara sevgini təbliğ edir. Düzdür, dinimizin ehkam tərəfi də var. Ancaq bu ehkamlar ümumi qaydalardan ibarətdir. Dininin təbliğ etdiyi şeylərin təməlində sevgi dayanıb. İnsanlara bunu çatdırmaq lazımdır. Bu təfkirçilər isə, radikal qruplardır və heç bir mötədil fikrə yaxın durmurlar. Sirr deyil ki, bu cür təfkirçilər əsasən  sələfilərin içərisindən çıxır. Düzdür, sələfilərin daxilində mötədil din xadimləri də var. Ancaq radikallığın və təfkirçiliyin əsas mənbəyi sələfilikdir.

 

- Bəs İraqda necə?

 

- İraqda da baş verənlər siyasi hadisələrdir, amma bəzi radikal qruplar öz çirkin planlarına və siyasətlərinə dini alət edirlər. Müsəlman ölkələrində “parçala hökm sür” siyasəti var olduqca, Qərb dövlətlərinin talançı siyasətləri də işləməyə davam edəcək.

 

- İŞİD-in Azərbaycandakı tərəfdarları sizi narahat etmir?

 

- Azərbaycanda da digər müsəlman dövlətlər kimi radikal təfkirçi qrupları dəstəkləyən insanlar var. Ancaq şükürlər olsun ki, Azərbaycanda onların sayı təhlükəli olacaq qədər deyil. Azərbaycanlılar mötədil fikirlərə daha yaxındır. Bakı dünyanın dini tolerantlıq mərkəzi sayılan şəhərlərdəndir. Ancaq bununla bərabər onu da demək lazımdır ki, son zamanlar ölkədə baş verən hadisələr, dini siyasətə alət edərək ölkəmizdə stabilliyi pozmağa xidmət edir. Əlbəttə ki, bunun qarşısı alınmasa, onların ölkəmizdə genişlənməsi bizimçün böyük fəsadlar törədəcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Daxili İşlər Nazirliyi və bir sıra güc strukturları bu məsələdə həssaslıqla qətiyyət göstərməlidirlər. Ölkəmizdə dini stabilliyi pozmağa yönəlmiş istənilən cəhdin qarşısı qətiyyətlə alınmalıdır ki, bunun böyüməsinə imkan verilməsin.

 

- Radikal qrupların üstünə güc strukturları ilə getmək nə dərəcə düzgündür?

 

- Mən onu nəzərdə tuturam ki, ölkədəki təhlükəsizliyi qorumaq üçün qətiyyətli olmaq lazımdır. Ancaq istənilən halda məsələlərə həssas yanaşmaq lazımdır.

 

- Siz şiə məzhəbindən olan insanlar arasında yetərincə populyarsınız. Radikalların da özlərinə rəhbər saydıqları dini xadimlər var. Özlərindən fərqli olaraq, rəhbər saydıqları insanlar mötədil qrupa daxildir. Ən azından elə görünür. Bu mötədil xadimlərlə birgə çalışaraq radikal silahlı qruplara qarşı birləşmək fikrinə necə yanaşırsınız?

 

- Bu məsələ sizin saytınızda gündəmə gələndə də mən İŞİD əleyhinə sələfi din xadimləri ilə birgə bəyanat verərək xalqa Suriyaya getməmək çağırışı etməyə hazır olduğumu demişdim. Radiodakı yayımda da dedim ki, istənilən şəxslə birgə bəyanat verməyə və İŞİD kimi təfkirçi qrupları pisləməyə hazıram. Ancaq Qamət Süleymanov razılaşmadı. İnsanın sözü ilə əməli bir-birini tamamlamalıdır. Sözdə pislədiyin qrupları əməlinlə də pisləməlisən. Yoxsa, söz ilə demək asandır. Əsas olan onu əməl ilə isbat etməkdir. İnsan dilinə gətirdiyini hərəkətində də göstərmirsə, deməli, o, fikirlərdə səmimi deyil.

 

- Demək istəyirsiniz ki, təqiyyə edirlər?

 

- Bəli, təqiyyə edirlər. Bunun adı təqiyyədir. Onların inanclarında da çətin anda təqiyyə edərək dini baxışlarını gizlətmək var. Onlar da bunu çox rahatlıqla edirlər. Təfkirçi silahlı qrupları dəstəklədikləri halda onlarla bağlı açıqlamalarında iki başlı, hər tərəfə yozula biləcək fikirlər səsləndirirlər. Əgər İŞİD-i təfkirçi və islama aid olmayan qrup sayırlarsa, gəlsinlər bir yerdə bəyanat verək və bu cür silahlı qrupları pisləyək”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyul, 2014  19:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!