إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İŞİD, Əl-Qaidə kimi qlobal təsirə malik qüvvələr, adətən, çoxgedişli addımlara hesablanmış layihə formasında meydana çıxır

İŞİD-lə bağlı məlumatlar, bir qayda olaraq, ürəkaçan deyil: terror yolu ilə öz hökumətini qurmaq istəyən bu qurum getdikcə daha böyük vəhşiliklər törədir.

İraqda baş verən hadisələrdə hələlik tam məlum olmayan məqamlar var. İŞİD hansı mənbədən qaynaqlanan qüvvədir? Bu təşkilat maliyyə dəstəyini, hərbi sursatları haradan əldə edir? Hərəkatın qarşısı alınmasa, bu, regionda, ümumiyyətlə dünyada hansı dəyişikliklərə gətirib çıxara bilər?

Ahlibeyt.az-ın verdiyi xəbərə görə  bu və digər aktual suallarla əlaqədar din məsələləri üzrə ekspert, İslam Konfransı Gənclər Forumu, ARM rəhbəri Elçin Əsgərov Bakupost.az-ın suallarına cavab verib:

İŞİD-lə bağlı yayılan məlumatlara əsaslanaraq nə demək olar – bu, hansı mənbədən qaynaqlanan qüvvədir?
– İŞİD, Əl-Qaidə kimi qlobal təsirə malik qüvvələr, adətən, çoxgedişli addımlara hesablanmış layihə formasında meydana çıxır. Artıq hamı bilir ki, belə qüvvə və hərəkatlar qlobal və regional ambisiyalara malik dövlətlər tərəfindən yaradılır və yönləndirilir. Ancaq bu o demək deyil ki, hər şeyi sıfırdan başlayaraq hansısa güclər yaradır, bütün üzvləri həmin mərkəzlərə işləyir, oradan tapşırıq alır, təlimatlandırılır. Təbii ki, bunlar da var, amma prosesin hərəkat şəklinə düşməsi üçün sosial baza, döyüşə gedəcək fanatik əsgərlər lazımdır. Fanatların tapılması üçün sosial sifariş olmalı, “düşmən” obrazı yaradılmalı, həmin “düşmən” bütün mənfi çalarlarla rənglənməli, hansısa sosial qrupun dözülməz məzlumiyyəti haqda mif yaradılmalı, kimlərsə irəli çıxıb “məzlum əqidədaşlarına”, “etnik soydaşlarına” köməyə getmək üçün alışıb-yanmalı, yollar axtarmalı və bu yolda “rəhbərlər” ortaya atılmalıdır.

Bu mərhələdə təsirə düşmüş insanları qızışdırmaqda əsas yük qlobal mətbuat və ictimai fəal siyasətçilərin üzərinə düşür. Sonra isə işə professional xüsusi xidmət orqanları qarışır. Məşhur komediyanın qəhrəmanının dediyi kimi, insanlar “lazımi kondisiyaya” çatdırıldıqdan sonra onları idarə etmək, istənilən cinayətə sövq etmək artıq texniki məsələdir. Lakin bəzən təşkilatları ortaya atarkən son məqsəd gizli saxlanılır.
Bəs lazımi şərait yetişməsə, sosial baza yaranmasa necə, layihələr necə reallaşdırılır?

– Qlobal güclər üçün sosial sifariş yaratmaq indiki zamanda elə də çətin deyil. İstənilən dövlətdə problemlər həmişə var və çatışmazlıqlardan narazı qüvvələr də həmçinin. İsrail “Mossad”ına aid bir söz var ki, əgər hansısa qüvvənin qarşısını ala bilmirsənsə, çalış ona rəhbərlik et. Güclü terror yönümlü təşkilatlara münasibətdə də eynən bu üsul seçilir. Əvvəl bu narazı, döyüşə, cinayətə hazır sosial baza təşkilatlanmağa çalışır, bu istiqamətində müəyyən addımlar atır, nəticədə onların ən bacarıqlıları üzə çıxır. Son vaxtlar yaranan, yaxud yaradılan beynəlxalq gücə malik terror təşkilatlarının bütün addımları, adətən, bəzi güclü dövlətlərin xarici prioritet siyasəti ilə üst-üstə düşür. Bu dediklərimdən də anlaşıla bilər ki, yeni təşkilatlar maliyyə dəstəyini, hərbi sursatları haradan əldə edirlər.

Bir misal: İraqdakı şahidlərin dediyindən belə anlaşılırdı ki, Mosulu işğal üçün İŞİD-ə elə yerli məsul şəxslər lazımi şərait yaradıbmış. Yerli ordu rəhbərliyi “yoxa” çıxdı, müqavimət olmadı, külli miqdarda hərbi sursat Mosulda İŞİD-ə “hədiyyə” edildi, bankda açıq formada yarım milyarddan artıq pulu “unudub” getdilər. Sadəcə, xəyanət baş vermişdi! Amma qlobal media bu xəbəri yaymaq əvəzinə, ört-basdır etdi.
Görünən odur ki İŞİD şəriət hökuməti qurmaq istəyir. Əgər belədirsə, onda törədilən vəhşiliklər nədir?
– Bu ideya bayaq dediyim sosial sifarişlərdən biridir. İslam dünyası müstəmləkə, gerilik, resursların istismar olunduğu dövrləri yaşayarkən bu suala həmişə cavab tapmağa çalışırdı: axı vaxtilə bütün dünyaya elm, inkişaf və mədəniyyət “ixrac” etməklə güclü olan müsəlmanlar niyə bu vəziyyətə düşüblər? Bu sual, Seyid Qütbdən də əvvəl başlayaraq İqbal Lahoriyədək, daim müsəlman dünyasının bütün ictimai fəal və mütəfəkkirlərini düşündürən məsələ olub. Cavablardan biri də bu olub ki, müsəlmanlar xilafətlərini itirib, özləri də islamdan uzaq düşüblər. Əvvəlki qüdrəti qaytarmaq üçün İslama qayıtmaq, müsəlmanlar arasında ixtilafı kənara qoyaraq birləşmək lazımdır. Amma təəssüf ki, bayaq dediyim qüvvələr bu sosial sifarişi də təhrif etməyə, destruktiv məcraya yönəldə biliblər. Biz bu gün həmin ideyanın eybəcər hala salınmış formasını görürük. Bu isə İSLAM DEYİL. Belə bir rəvayət var: Muhəmməd Peyğəmbər (s) 10 min nəfərlik müsəlman dəstəsi ilə yürüşə gedərkən (bunun Məkkəyə tərəf olduğu deyilir) düz yolun üstündə balasını əmizdirən it görür. Onları narahat etməmək üçün o böyüklükdə karvanın yolunu dəyişdirir. İndi necə ola bilər ki, yalnız vəhşi cinayətləri ilə yadda qalan İŞİD ordusu həmin Peyğəmbərin xələfləri olduğunu iddia edir?
Baş verənləri İraqdaxili münaqişə kimi qiymətləndirirlər. Elədirsə, bu məsələdə Türkiyə və Azərbaycanın adı niyə hallanır?
– İŞİD məsələsi tək İraqda başlamayıb, ilk “uğurları” Suriyada olub, sonra İraqa keçib. Yəni, bu məsələ artıq bir dövlətə xas olmaqdan çıxıb. Bu gün özlərini xilafət elan etmələri isə ambisiyalarının bütün müsəlman dünyasına yönəldiyini göstərir. O cümlədən, Azərbaycan və Türkiyəyə də.
– İŞİD savaşında Qərb dövlətlərinin marağı özünü qabarıq şəkildə göstərir. Hətta bildirilir ki, Qərb İraqda Nuri Əl-Maliki hökumətinə kömək etmək istəyir...

– Belə bir iddia var ki, qlobal güclər tərəfindən İraqın üç yerə parçalanması haqda qərar qəbul edilib: şiə dövləti, sünni dövləti və kürd dövləti. İŞİD də bu plan üçün göydəndüşmə oldu. Faktiki İŞİD artıq bu planı reallaşdırıb, qalıb bunu, necə deyərlər, sənədləşdirmək.

İraqda vuruşan dəstələr arasında Suriyadan, digər ölkələrdən gələnlər də var. Faktiki olaraq mürtəce qüvvə vahid ordu yaratmaq planını reallaşdırır. Bu təhlükəyə qarşı hansı tədbirlər görülməlidir?

– Əvvəla heç kim, istər Qərb, istər onun regiondakı Səudiyyə və Qətər kimi müttəfiqləri, istər digər qütbdə dayanan Rusiya, Çin, İran kimi dövlətlər İŞİD xilafətinin yaranmasına imkan verməyəcək. Açığı, hamı İŞİD-dən istifadə edir. Elə çıxmasın ki, burada yalnız Qərb təkbaşına oyun aparır, bir də deyirəm, beynəlxalq siyasət layihələri çoxgedişlidir. Ola bilər ki, bəzi məsələlər hətta rəqib dövlətlər arasında razılaşdırılıb da. Amma aydın məsələdir ki, aparıcı oyunçu onlardan yalnız biridr. Digərləri yaranmış vəziyyətdən çıxmaqla bərabər, həm də bundan öz xeyirlərinə istifadə etməyin yollarını tapmağa çalışırlar. Aparıcı oyunçu isə bəzən buna mane olur, görəndə ki, mane ola bilmir, göz yumur.
İŞİD Əfqanıstandakı Taliban kimi öz missiyasını yerinə yetirdikdən sonra aradan götürüləcək və gələcək layihələr üçün yarıcan vəziyyətdə saxlanılacaq. Amma bir şey məlumdur ki, bu cür təşkilatlar bəşəriyyət üçün təhlükədir. Məlum deyil ki, İŞİD-in yekun missiyası nədir və onun qarşısına son olaraq hansı vəzifə qoyulub. O da məlum deyil ki, gələcəkdə həmin qüvvələrdən hansı dövlətə qarşı istifadə olunacaq? Lakin bir məsələni dəqiq demək mümkündür: qarşısı alınmasa, İŞİD “idarəçiləri” ondan maksimum faydalanmayana qədər əl çəkən deyillər.
Bu gün həmin qüvvələr, müəyyən mənada, idarə olunur, amma sıfırdan deyil. Və o qüvvələr öz həyatı ilə yaşayan orqanizmlərdir və “yemləri” yeni insanlar, passionar ruhun saxlanması üçün əlləri çatan hər yerdə konfliktlər yaratmaq, toqquşmalar törətməkdir. Bu, adi qətldən tutmuş, terror aktına, üsyana, iğtişaşa qədər hər şey ola bilər. Bunun üçün onlar kimdənsə icazə almırlar və idarəçiləri çox vaxt buna mane də olmur, çünki “orqanizmin” yaşaması və idarə oluna bilməsi üçün bu hallar zəruridir.
Bu dağıdıcı fəaliyyətin müqabilində nə etmək lazımdır?
– Radikalların öz ölkələrinə nüfuz etməsinin qarşısını almaq və öz regionlarından uzaqlaşdırılması üçün aidiyyatı ölkələr bütün tədbirləri görməlidirlər. Bu, operativ əməliyyatlar, təsir agentlərinin müəyyən olunub aradan qaldırılması kimi inzibati metodlar ola bilər. Bundan başqa, mütəmadi, ardıcıl ideoloji, maarifləndirmə işinin aparılması, nüfuzlu din xadimlərinin gücündən maksimum istifadə, bir sözlə, bütün sahələri əhatə edən fəallıq göstərmək tələb olunur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyul, 2014  17:41 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!