|
“Azərbaycan və Əhli Beyt irsi” kitabının elmi-ictimai müzakirəsi keçirilıb(foto)Seyyid Camal : “Bu kitabı oxuyan bu gün İraqda Füzulinin nəvələrini qətl etməz” Bu gün Dini Araşdırmalar Mərkəzi tərəfindən “Azərbaycan və Əhli Beyt irsi” adlı kitabın elmi - ictimai müzakirəsi təşkil olunmuşdur. Kitab bir neçə ay əvvəl DQİDK-nin təşəbbüsü və dəstəyi ilə nəşr olunub və Azərbaycanda Peyğəmbər Əhli Beytinə aid maddi və mənəvi irs nümunələrinin araşdırılması, tanıdılması, milli kimliyimizə təsiri, milli mədəniyyət və tariximizdə yeri kimi mövzularda aparıcı tədqiqatçılar tərəfindən üzərində bir ilə yaxın iş aparılmış tədqiqat məqalələri toplusundan ibarətdir. Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə müzakirədə Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşları, BDU İlahiyyat fakultəsi müəllimləri, bir sıra dini icma rəhbərləri və din xadimləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Kitabdakı məqalə müəlliflərinin də iştirak etdiyi müzakirələrdə çıxış edən alim və tədqiqatçılar, ictimai fəallar kitabın Azərbaycanda Peyğəmbər Əhli beyti irsinin araşdırılması istiqamətində hərtərəfli və dövlət tərəfindən dəstəklənən ilk tədqiqat işi olduğunu vurğulamış, Azərbaycan xalqının mənəvi və mədəni tarixinin bu əlamətdar səhifələrinin daha geniş araşdırılmasının zərurətini qeyd etmişlər. Çıxış edənlər qeyd etmişdirlər ki, bu gün Azərbaycanda ənənəvi dini və milli-mənəvi dəyərlərimizin qorunması ən aktual ideoloji məsələdir. Çıxışda aparıcı xətt olan fikirlər bundan ibarət idi ki: İnsanlarımız zəngin milli-dini dəyərlərimizi kifayət qədər mənimsəsəydilər nə yadelli dini sektaların, nə İslam təriqəti adıyla müxtəlif “xizmətlərin” torlarına düşməzdilər, nə də bu gün Suriya və İraqda müsəlmanların qırğınında iştirak etməzdilər.Müzakirə iştirakçılarından Qarabağ Seyid Ocaqları təşkilatının nümayəndəsi Seyid Camalın söylədiyi kimi “Bu kitabı oxuyan Azərbaycanlı bu gün İraqda Füzulinin nəvələrini qətl etməz”. Bu baxımdan kitabda Azərbaycan haqda Peyğəmbər(s) və Əhli beytinin hədislərində olan məlumatlar, ölkəmizdə olan imamzadə kompleksləri və onlara dövlət qayğısı, tolerantlıq mühitinin formalaşmasında əhli beyt irsinin rolu, əhli beytlə bağlı mərasimlər, irfan və təsəvvüf ədəbiyyatımızda əhli beyt, milli məfkurə və kimliyimizdə, mədəniyət və ədəbiyyatmızda əhli beyt sevgisi izləri, Azərbaycanın dini mütəfəkkirləri haqda olan məqalələr və onlarda qaldırılan problemlər çıxışların əsas müzakirə mövzusu olmuşdur. Kitabın xüsusi bölümü müstəqil Azərbaycan dövləti tərəfindən milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olan Əhli beyt irsinin qorunması istiqamətində apardığı işlərə həsr edilib. Burada Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Bibi-Heybət məscidinin bərpası, Prezident İlham Əliyevin qaygısı nəticəsində Gəncə İmamzadə kompleksinin əsaslı təmiri, Heydər Əliyev Fondunun təşəbbüsləri ilə Əhli-beyt irsi ilə baglı digər abidələrimizin təmiri və qorunması haqqında ətraflı məlumat verilmişdir. Çıxışlarda xüsusi yadda qalan məqamlardan biri Əhli beytə olan sevgi və bağlılığın Azərbaycan xalqı üçün dini cəhətdən bir birləşdirici amil rolu oynaması haqda fikirlər idi. Belə ki, Əhli beyt irsi həm şiə, həm sünni dindarları üçün ortaq bir müqəddəs dəyərdir və müzakirə olunan kitabdan da bu mövzular hər iki məzhəbin baxışından araşdırılmış, ortaq dəyər kimi oynaya biləcəyi rol geniş vurğulanmışdır. Xüsusi qeyd olunmuşdur ki, Azərbaycanda Əhli beyt irsinə tarix boyu istər şiə, istər sünni əhali tərəfindən xüsusi ehtiram və qayğı göstərilmiş, dini baxışlar və ayinlərdə Əhli beyt irsinə bağlılıq hər iki məzhəbli həmvətənlərimizdə özünü bariz nümayiş etdirmişdir. Çıxış edənlər məzhəbçilik savaşı ilə üzləşən islam dünyasının bir parşası olan Azərbaycanda bu təhdidə qarşı ilk tutarlı ideoloji cavabın məhz bu tipli tədqiqatların olmasını vurğulamışdırlar. Qeyd olunmuşdur ki, Əhli beyt irsinin Azərbaycan dindarları arasında birləşdirici amil kimi oynaya biləcəyi rol və bu mövzunun kitabda uğurla qaldırılması, bu ideyanın davamlı olaraq aşılanması öz əksini tapmışdır. Digər yadda qalan məqam isə milli etno-psixologiyamızın formalaşmasında xüsusi rolu olmuş dini dəyərlərimizdə məhz Peyğəmbər Əhli beytinə olan ehtiram, sevgi və bağlılıq elementlərinin ağırlıq təşkil etməsi haqda kitabda olan fikirlərin müzakirələrdə də təkrarlanması və əksi idi. Bu baxımdan, Azərbaycan xalqının İslamı, onun dəyərlərini zorla qəbul etməsi haqda stereotiplər tənqidə dözmür və əksinə, bu dəyərlərin qəbul edilməsinin məhz rəğbət nəticəsində mümkün olması fikri bir daha təsdiq olunur. Kitabda Azərbaycanın İslamın ilk illərindən etibarən Peyğəmbər Əhli beyti üçün sığınacaq, arxa olması, burada yerləşən Əhli beyt ziyarətgahlarına, məzhəbindən asılı olmayaraq, yerli hakimlərin sahib çıxması, ehtiramı faktları, Şərqin ən poetik və fəlsəfi yaradıcılıq nümunələrindən olan irfan və təsəvvüf ədəbiyyatına və fikrinə Azərbaycan mütəfəkkirlərinin töhfələri və bu ədəbiyyatda Əhli beytə bağlılıq elementləri və s. mövzular da geniş əks olunmuşdur. “Azərbaycan və Əhli beyt irsi” kitabı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Elm və Təhsil” nəşriyyatında 2013-cü ildə sifariş edilmişdir. Kitabın ön sözünün müəllifi DQİDK-nın keçmiş sədri Elşad İskəndərov, baş redaktoru BDU İlahiyyat fakultəsinin dekanı, akademik Vasim Məmmədəliyev, elmi rəyçisi AMEA-nın müxbir üzvü, Əlyazmalar İnstitutunun direktoru professor Teymur Kərimlidir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 İyul, 2014 19:24 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |