إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Milli "Halal" Standartı

Azərbaycanda rəsmi “halal” standartı müəyyən olunsa da, bir sıra suallar hələ də açıq qalır, üstəlik sertifikatın özündə belə çatışmazlı mövcuddur

Aprelin əvvəlində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsal edən 4 müəssisənin məhsulları sertifikatlaşdırılıb.



Ahlibeyt.az-ın Musavata istinadən verdiyi xəbərə görə“Halal” sertifikatı almış müəssisələr bunlardır: “Hakan Foods” FF Co.LTD müəssisəsinin “Kral” və “Yeni dad” nişanlı məhsulları, “Səhliyalı” k/m-nin “Min bərəkət, halal nemət” nişanlı məhsulları, “M&T” LTD firması və “Zəhmət Ruzi” MMC-nin məhsullarıdır.
Bununla bağlı yayılmış rəsmi məlumatda qeyd olunur ki, AZS 731-2012 standartı İslam Əməkdaşlıq Təşkilatının Standartlaşdırma və Metrologiya İnstitutu tərəfindən təsdiq edilmiş vahid “Halal qida” standartı - OİC/ SMİİC 1:2011"General Guidelines on Halal Food" (http://www.smiic.org/publications/83/oic-smiic-12011 ttp://www.smiic.org/publications/83/oic-smiic-12011) standartına əsasən hazırlanıb.
Bundan başqa, SMPDK dövlət standartına uyğunluğu təsdiq edən sertifikatı alan müəssisələrin məhsullarının üzərində istifadə etmək üçün əmtəə nişanını təsdiq edib.

Ancaq bununla yanaşı “Halal” standartı ilə bağlı bir sıra suallar hələ də açıq qalır. Məsələ burasındadır ki, hələ bir neçə il əvvəldən başlayaraq Qafqaz Müsəlmanları İdarəsi də “Halal” sertifikatı verməyə başlayıb. Ancaq QMİ-nin “Halal” sertifikatı dini idarə ilə SMPDK arasında narazılığa səbəb olub. İndi isə dövlət komitəsi “Halal” standartı müəyyən edib. Eyni zamanda QMİ-də iddia edir ki, “Halal” standartı müəyyən etmək üçün dini qurumun təsdiqi lazımdır. Çünki məhsulun halal olub olmaması ilə bağlı qaydaları din xadimləri daha yaxşı bilirlər. Artıq QMİ “Halallıq” zəmanətinin verilməsi ilə əlaqədar din xadimlərindən ibarət xüsusi işçi qrupu yaradıb.

Qazı Faiz Nağızadə başda olmaqla, 5 nəfərdən ibarət həmin qrupun fəaliyyət istiqamətləri və vəzifələri müəyyənləşdirilib. Komissiyanın tərkibinə QMİ sədrinin müavini Fuad Nurullah, qazı Məhəmməd Quliyev, Şahin Həsənli, QMİ-nin əməkdaşları Şamil Rəsulov, Mirnəsir Nağıyev daxil olublar.

Ancaq bütün bu hazırlıqlar “halallıq” mövzusu ətrafında sualları hələ də açıq saxlayır. "Halal" standartı necə verilir, kimlər bunu alır və halallıq məsələsi ilə bağlı ölçü necə tətbiq olunur kimi məsələlər isə hələ də açıq qalır. Bununla bağlı bəzi məqamları qeyd etməyə ehtiyac var. Əvvəlcə ondan başlayaq ki, həm “Halal” standartı, həm də Azərbaycan qanunvericiliyinə əsasən məhsulların üzərində tərkib və istifadə olunan qatqılar qeyd olunmalıdır. Ancaq yenicə “Halal” standartı almış qurumlar belə bu qaydaya riayət etmir və məhsulların üzərində tərkib tam olaraq qeyd olunmur və ya cüzi bir hissə qeyd olunur. Halbuki mütəxəssislərə görə, yalnız kolbasanın istehsalında onlarla qatqıdan istifadə olunur.

İndi isə “Halal” sertifikatlı məhsullarda istifadə olunan və lisenziya aldıqdan sonra şirkətlərin məhsulların üzərindəki bəzi məhsulları qeyd edək.

E 120 - Karmin maddəsi, böcəklərdən hazırlanır, rəng yaratmaq üçün istifadə olunur.
E 621 - Qlütamat maddəsi. Dad gücləndirici, eyni zamanda insanlarda məhsula qarşı asılılıq yaradır.

E 250 - Kimyəvi maddə, qana keçdiyi təqdirdə xərçəng yarada bilir.
Bundan başqa SMPDK-nin müəyyən etdiyi “Halal” standartı avtomat kəsimə icazə verir. Halbuki dünya “Halal” standartında avtomat kəsimə icazə verilmir. Çünki bu zaman dini qaydalarda göstərilən formada kəsim baş vermir və heyvanın bədənində qan qalıqları qalır. “Halal” standartlarının ilk dəfə tətbiq olunduğu Malayziya, İndoneziya və sair ölkələrdə avtomat kəsim qadağandır.

Maraqlıdır ki, Azərbaycan hökumətinin qəbul etdiyi “Halal standartında” GMO, yəni genetik modifikasiya olunmuş maddələrin istifadəsinə icazə verilir. Ancaq halbuki ümumiyyətlə dünya halal standartlarında belə bir icazə yoxdur, çünki GMO məhsullarda İslama görə haram olan bir sıra bitki və heyvanların genlərindən istifadə olunur. Eyni zamanda Azərbaycan qanunlarına görə də GMO məhsullardan istifadə etmək qadağandır. Ən qəribəsi də budur ki, Azərbaycanda Halal məhsullar üçün qatqıların siyahısı təsdiqlənməyib.

Bundan başqa halal standartına daxil olan toyuq ətinin kəsilməsi və hazırlanması ilə bağlı ciddi problemlər var. Toyuğun kəsilməsi, hansı dərəcədə isti suda təmizlənməsi (ekspertlərə görə, 52-53 dərəcədən artıq isti suya salındıqdan toyuğun orqanizmində zərərli maddələr formalaşır) kimi halal standartına daxil olan qaydalar Azərbaycan hökumətinin təsdiqlədiyi halal standartlarında nəzərdə tutulmayıb. Eyni zamanda süd məhsullarının, şirniyyat (şokolad, konfet və sair), sok məhsullarının hazırlanması ilə bağlı Halal standartının tələbləri var ki, Azərbaycan hökuməti bunları nəzərə almayıb.
Son olaraq onu qeyd edək ki, bu məsələdə müəyyən mənada yardımçı ola biləcık addımı QMİ atsa da, hazırda qurumun “halallıq” zəmanəti verməsi ilə bağlı hansı işləri gördüyü, prosesə necə nəzarət etdiyi aydın deyil.
Mövzuya qayıdacağıq.

Ahlibeyt.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 May, 2014  12:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!