إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İlahiyyatçı alim Hacı Şahin Həsənli və Elvüsal Məmmədov R.T Ərdoğanın Əli(ə)siz- Ələvilər fikrinə münasibət bildirdilər

Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan bu həftə Almaniya prezidenti Yoahim Qauku ölkənin daxili işlərinə qarışmaqda qınayıb və deyib ki, Almaniyada Əlisiz ələvilərdən, ateist şiələrdən ibarət bir təriqət fəaliyyət göstərir, Almaniya dövləti də bu təriqəti qidalandırır. Baş nazirin sözündən belə çıxırdı ki, bu təriqət hətta müsəlmanlıqdan kənardır: “Türkiyədə belə bir ələvilik yoxdur. Türkiyədə heç bir ələviyə “sən müsəlman deyilsən” deyə bilməzsən. Dediyin an səni təhqir edər”.

Almaniyada doğrudanmı belə bir təriqət fəaliyyət göstərir? Türkiyə baş nazirinin “Əlisiz ələvilik” adlandırdığı cərəyanın mahiyyəti nədən ibarətdir? Baş nazir nəyi, kimi nəzərdə tutur?

“Media forum”un bu suallarına cavab verən teoloq alim Elvüsal Məmmədovun fikrincə, Rəcəb Teyyub Ərdoğan əslində Qərbdə, o cümlədən Almaniyada müsəlman ölkələri ilə əlaqəli aparılan siyasi-ideoloji işlərə işarə vurub: “Həmin “işlər”in ümumi məzmunu budur ki, ələlxüsus müsəlman şərqində cəmiyyətin dini-mədəni və ideoloji-siyasi, həm də ictimai həyatına ciddi təsir göstərən din formatlı institutlar (buraya dinlər, məzhəblər, təriqətlər, cərəyanlar... aiddir) diqqətlə öyrənilir, idarəedici funksionerləri ilə ideoloji-siyasi (həm də iqtisadi) maraqlara xidmət edən “əməkdaşlıq” başlanır.

Təbii, belə bir gizli fəaliyyət rəsmi ola bilməz, odur ki, müəyyən dövlətin xüsusi orqanları, tədqiqat mərkəzləri bu işlə məşğul olur, dövlətdən birbaşa dəstək alır. Elə buna görə də Ərdoğanın çıxışına istər Almaniyanın müxtəlif dövlət dairələrindən, istərsə də bu ölkədəki Avropa Ələvi Birlikləri Konfederasiyası və Almaniya Ələvi Federasiyasından etirazın gəldiyini görürük”.

Alim qeyd edir ki, Qərbdə islamla əlaqəli tədqiqatlar elmi məqsədlərdən daha çox ideoloji-siyasi maraqlara xidmət edən şərqşünaslıq məktəblərinin inhisarındadır: “Qərb ölkələrinin müsəlman coğrafiyasında siyasi-iqtisadi maraqları güclüdür. Bu maraqların təmini üçün həmin coğrafiyada Qərbə tolerant münasibət bəsləyən baxışların formalaşdırılması lazım gəlir. Türkiyənin baş naziri də ölkəsinin daxili siyasətinə təsir göstərmək üçün Almaniyada ələvilərlə əlaqəli “laboratoriya” işlərinin aparıldığını demək istəyib. Uzun illər PKK-ya gizli dəstək verən ölkələr arasında öz fəallığı ilə seçilən də məhz Almaniyadır. Görünür, indi də ələvi kartından istifadə etmək qərarına gəliblər.

Ərdoğanın nəzərdə tutduğu ələvilər solçu-kommunist ələvilərdir. Elə Türkiyədə sol (kommunist) cəbhənin əsas bazasını ələvilər əmələ gətirir. Əksəriyyəti də ateistdir. Məsələn, bu ölkədəki DHKP-C və digər ultra-radikal solçu təşkilatlara üzv olanların 90 faizi ələvidir. Avropaya gəlincə, solçu ələvilər xüsusən Almaniyada yaxşı təşkilatlanmağı bacarıblar. Özlərinə “ələvi” deyirlər, amma sol təmayüllü fəaliyyətlərindən də qalmırlar. Hətta belə solçu ələvi təşkilatlarından biri “Ələvi-Bəktaşi Federasiyası” adlanır”.

Elvüsal Məmmədovun söylədiyinə görə, Ərdoğanın “ateist ələvi” deyimi ilə Türkiyənin ifrat ələvi müəlliflərindən olan Reza Zelyut da şərikdir: “O, Avropaya səfəri zamanı gördüklərini belə ifadə etmişdi: “Avropadakı ələvilər dərin ziddiyyət və fikir ayrılığı içərisindədir. Bu fikir ayrılığının kökündə ələvi kütlə ilə ələvi rəhbərlik arasındakı ziddiyyət dayanır. Kütlənin ələvilik anlayışı idarəedici qurum hesab olunan Avropa Ələvi Birlikləri Konfederasiyasının ələvilik anlayışından fərqlənir. Konfederasiya rəhbərliyi ələviliyi islamın xaricində görür. Hətta Almaniyada ələviliyi ayrıca din halına gətirmək cəhdi var. Bəzi ələvi gənclər boyunlarında “Zülfüqar”la yanaşı, xaç da daşıyırlar. Diskotekaları dolduran türk gənclərinin çoxunu ələvi gənclər təşkil edir. Beləliklə, bu tip ələvilik çərçivəsində xristianlığa oxşayan həyat tərzi formalaşdırılır, konfederasiya rəhbərliyi isə buna dəstək verir.

Göründüyü kimi, Avropada, xüsusən Almaniyada ələviliyin ideoloji “redaktəsi” baş verir. Almaniyada hökumət orqanları ələvilərlə əməkdaşlıq edir. Elə Almaniya prezidenti Yoahim Qaukun bu ilin mart ayında Avropa Ələvi Birlikləri Konfederasiyasını ziyarət edib Novruz münasibəti ilə Almaniya ələvilərini təbrik etməsi də  bu ölkədə ələvilərə olan dövlət marağının bir təzahürüdür”.

İlahiyyatçı alim Hacı Şahin Həsənlinin fikrincə, Türkiyə baş nazirinin çıxışı ələvilərin mövcud hakimiyyətə müxalif mövqedə olması ilə də əlaqələnə bilər: “Ələvilik Türkiyədə çox geniş yayılmış cərəyandır, onların sayı kifayət qədər çoxdur. Türkiyə əhalisinin böyük bir hissəsinin inancı ələvilikdir. Ələvilər də siyasi baxımdan sol ideyalara meyllidir. Türkiyədə seçki zamanı onlar daha çox Cümhuriyyət Xalq Partiyasını dəstəkləyir, Rəcəb Teyyub Ərdoğana müxalif mövqedə dayanırlar. Ola bilsin ki, baş nazir Almaniyadakı ələvilərdən danışarkən bunu nəzərdə tutur”.

Hacı Şahin Həsənli nəzərə çatdırır ki, solçu dedikdə burada sosial təmayüllü ideyaların qəbulundan söhbət gedir: “Osmanlı imperiyası dövründə ələvilər təqiblərə məruz qalıb. Bunun nəticəsində inancları müəyyən deformasiyalara uğrayıb. Ələvilər gündəlik ibadətləri icra etmir, məscidlərə getmir, cəm evlərində toplaşırlar, demək olar ki, islam şəriətinə əməl etmirlər. Ənənəvi sünni və şiə təriqətindən fərqlənirlər. Osmanlı hakimiyyətinin təqibi onları müxalif mövqeyə istiqamətləndirib. Solçu partiyaların şüarları ədalətə yaxın olduğundan onlar da bu şüarları dəstəkləyir.

Ərdoğanın Almaniyada konkret nəyi nəzərdə tutduğunu, ələvilərin bu ölkə ilə nə əlaqəsi olduğunu deyə bilmərəm, amma reallıq odur ki, ələvilər daha çox CHP-yə rəğbət bəsləyir. Partiyanın rəhbərliyində təmsil olunan şəxslərin də çoxu ələvidir. Türkiyə ordusunda da ələvi çox olub. Türkiyə siyasi reallığına nəzər salanda Ərdoğanın narahatlığını anlamaq mümkündür”.

İlahiyyatçı alim onu da qeyd edir ki, bəzi hallarda ələvilərin hüquqlarının qorunmamasını Avropa dövlətləri Türkiyəyə qarşı təzyiq vasitəsi kimi də istifadə edir. “Ola bilsin, Avropada ələviliyi gücləndirməklə Türkiyədə mövcud müxalifətə dəstək vermək nəzərdə tutulur, məzhəbi fərqlər qabardılır. Türkiyədə ələvilik klassik sünnilikdən fərqlənən, amma şiəliklə də tam üst-üstə düşməyən bir cərəyandır. Səhv olaraq ələviləri şiə hesab edirlər, amma onlar tam mənada klassik şiə görüşlü deyillər. Avropa bu anlaşılmazlıqdan, narazılıqdan, cərəyanlardan istifadə edib Türkiyə hökumətinə təzyiq edə bilər.

Bir sıra Qərb ölkələri müsəlman məzhəblərinə qarşı bölücülük siyasəti həyata keçirir. Bəzən Qərbdə müəyyən dairələr şiə və sünnilərin içində bölücülüyə meylli, radikal baxışlı, məzhəbləri bir-birinə qarşı qoymağa çalışan, ixtilafları dərinləşdirən cərəyanlara dəstək verir”.

 

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 May, 2014  14:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!