إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Alimlərin guya təqiyyə edərək fətva vermələrini iddia etmək iftiradır - Elşən Mustafaoğlu

Son günlər sosial şəbəkələrdə "təqiyyə" mövzusu ilə bağlı müxtəlif yazılar paylaşılmaqda, təqiyyənin mahiyyətilə bağlı fikir mabadilələri aparılmaqdadır. Bəziləri Əhli-beyt imamlarından “Təqiyyə, mənim və ata-babalarımın dinindəndir, təqiyyəsi olmayanın imanı yoxdur” (əl-Kafi 2/219) rəvayətini göstərərək, şiə inancında olanları "təqiyyə" edib yalan danışmaqda, hətta şiə alimlərini təqiyyə edərək fətva verməkdə ittiham edirlər.

Mövzu ilə bağlı irəli sürülən iddialara aydınlıq gətirmək üçün ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu islam.az-a bunları bildirmişdir:

"Əvvəla, qeyd etməliyik ki, təqiyyə - aşkar Quran ayəsidir. Bunu nəzərə alaraq, ilk öncə təqiyyənin mahiyyətini açıqlamalı, onun mahiyyət etibarilə nədən ibarət olduğuna aydınlıq gətirilməlidir.

Quranda məhz "təqiyyə" ifadəsi işlədilən ayəyə nəzər yetirək:

"Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə dost tutan) kəs Allahdan heç bir şey gözləməsin. Ancaq onlardan TƏQİYYƏ EDƏRƏK (ərəbcə - TUQATƏN) qorxmanız (çəkinməniz) müstəsnadır. " (Ali-İmran surəsi, ayə 28).

Təqiyyə dedikdə isə, insana yetişə biləcək təhlükə nəzərdə tutulur. Şübhəsiz ki, insan üçün həyati təhlükə olduqda, ayədə buyurulan bu qayda zərurət halı kimi tətbiq olunur. Əhli-beyt imamlarından (ə) olan rəvayətlər də məhz bu zərurəti bəyan edir!

Bəli, rəvayətdə buyurulur - “Təqiyyə, mənim və ata-babalarımın dinindəndir, təqiyyəsi olmayanın imanı yoxdur” - əlbəttə ki, Quran ayəsi imamın (ə) və ata-babalarının dinindəndir və ayəni inkar edən şəxs imandan çıxmış olur! Təqiyyə - Allahın Quranda aşkar buyurduğu bir prinsip olduğu halda, onu inkar edəni imanlı şəxs saymaq olarmı? Odur ki, rəvayətdə "təqiyyəsi olmayanın imanı yoxdur" ifadəsi heç kimdə şübhə yaratmamalıdır. Təqiyyənin inkarı aşkar Quran ayəsinin inkarı deməkdir.

Təqiyyə ilə bağlı buyurulan ayə və nəql edilən rəvayətlərin mənası, mahiyyəti isə budur ki, ey iman əhli, canınız üçün təhlükə yarandıqda, həyati təhlükə ilə üzləşdikdə, təqiyyə edib canınızı təhlükədən qoruyun! Bu zaman imanınızı gizləmək sizin üçün günah olmaz, əksinə, həyatınızı qorumaq labüd olar!

Bu, ayənin buyruğu və hər bir normal düşünən insanın əqlən də qəbul etdiyi bir gerçəklikdir! Bax, şiəlikdə də, ümumilikdə bütün müsəlmanlarda da əslində təqiyyənin mahiyyəti bundan ibarətdir!

Sadəcə tarix boyu Əməvilər, sonra isə Abbasilər zamanı şiələri o qədər əqidəsinə görə zülmə məruz qoyub məhv ediblər ki, şiələrdə canlarını qorumaq zərurəti digərlərindən daha çox aktual olub. İmamlar da gerçəklikdən çıxış edərək, bu rəvayətlərlə çalışıblar onların təhlükəsizliyini təmin etsinlər. Qeyd etdiyimiz ayə əsasında insanlara anladıblar ki, əqidənizə, dini görüşlərinizə görə həyatınız təhlükəyə düşdükdə, təqiyyə edin və həyatınızı qoruyun!

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2014  12:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!