إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanda “Məişət zorakılığı media müstəvisində” mövzusunda təlimlərə başlanılıb

“Tvinninq” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyinin və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Məişət zorakılığı media müstəvisində” mövzusunda jurnalistlər üçün təlimlərə başlanılıb.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, layihə çərçivəsində Litva və Avstriyadan olan ekspertlər müxtəlif mövzular üzrə və “Təlimçilərin təlimi” konsepsiyasına uyğun olaraq seminarlar, rol oyunları və təqdimatlar formasında təlim keçəcəklər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycanda "Məişət zorakılığı haqqında" qanun qəbul olunandan sonra bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilib: "Azərbaycanda bütün yerli icra hakimiyyəti orqanlarında monitorinq qrupları var. Həmin rayonda hüquq mühafizə orqanları, sosial işçilər, müxtəlif kontingentdən olanlar monitorinq qrupuna daxildirlər. Onlar əhali arasında monitorinq aparır. Bu gün monitorinq qruplarının işi bizi qane etmir".

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxışında qeyd edib ki, peşəkarlığın artırılması istiqamətində agentlik tərəfindən silsilə tədbirlər keçirilir: "Məişət zorakılığı ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması formaları çox həssas məqamdır. Bəzən materialın oxunaqlı olması üçün dolğun informasiya verirlər. Belə məsələlərdə həssas olmaq lazımdır. Xüsusən bu xəbərlərin şərhinə daha ehtiyatlı yanaşmaq lazımdır".

Avropa İttifaqının “Tvinninq” proqramı üzrə layihə rəhbəri Laurinas Totoraitisin sözlərinə görə, məişət zorakılığı, xüsusilə ağır halları bir günə baş vermir: "Bu, adətən uzun müddət inkişaf edən pis münasibətlərdən başlayır. Mətbuatın bu sahədə rolu çox böyükdür. Medianın əsas rolu odur ki, bu halı normal streotipə çevirməsin, qurbanları ittiham etməsin. Həmçinin belə hallarda qurbanların adının çəkilməsi də alqışlanmır. Son zamanlar kiber zorakılıq hallarını da görürük. Məsələn, videoların paylaşılması, mesajların göndərilməsi, bullinq - bu kimi zorakılıq hallarıdır".

Qeyd edək ki, təlimlər oktyabrın 22-nə kimi davam edəcək.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Oktyabr, 2021  11:41 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!