إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qarabağın eneolit və tunc dövrü arxeoloji abidələri barədə əsər çapdan çıxıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Humanitar fənlər kafedrasının professoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, arxeoloq Hidayət Cəfərovun müəllifi olduğu “Qarabağın eneolit və tunc dövrü arxeoloji abidələri (1987-ci ildə Mil-Qarabağ arxeoloji ekspedisiyasının Ağdam və Ağcabədi rayonlarında apardığı çöl tədqiqatları əsasında)” adlı elmi monoqrafiyası nəşr edilib.

Ahlibeyt.az-ın AMEA saytına istinadən məlumatına görə, monoqrafiyada 1987-ci ildə, erməni işğalları ərəfəsində Hidayət Cəfərovun rəhbərliyi altında Qarabağın Ağdam və Ağcabədi rayonlarında aparılmış arxeoloji çöl-tədqiqat işlərinin nəticələri əks olunub. O zaman çöl-tədqiqat işlərinin əsas məqsədi — eneolit dövründən orta əsrlərə qədər xronologiyanı ehtiva edən arxeoloji abidələrin koordinatlarının araşdırılması və tərtibi idi.

Əsərdə 1987-ci ildə Ağdam rayonu ərazisində qeydə alınmış Kəngərli, Boyəhmədli, Kürdaşı kurqanları, Maqsudlu kurqanları, Govurqala, Papravənd abidələri, Misirqışlağı, Kültəpə-1 və Kültəpə-2 yaşayış yerləri, Papravənd daş qutuları, Çuxurməhlə, Qarağaçı, Gülablı, Şıxbabalı (Qaratəpə), Üzərliktəpə, Göytəpə, Suma-Güllücə (Töyrətəpə), Orta Qərvənd, Mirəşəli, Əhmədağalı (Qoşatəpə, Əhmədoğlu, Məscidtəpə, Əzgənlitəpə, Bəlibəy təpələri, Seyid Mustafalar təpəsi), Sarıcalı abidələri, Çəmənli, Xındırıstan, Rəsultəpə abidələr kompleksi, Sarıçoban-Üçoğlan-1 yaşayış yeri və d. abidələr barədə məlumat verilib.

Həmçinin Ağcabədi rayonu üzrə Salamattəpə, Sutəpəsi, Çalağantəpə, Mirvaritəpə, Ağtəpə, Səngərtəpə, Dəyirmantəpə, Gərtəpə yaşayış yerləri, Aşıxlıtəpə, Böyüktəpə, Qasımtəpə kurqanları və d. abidələrin qeydiyyatı öz əksini tapıb.

Göstərilən abidələrin ərazisindən tapılmış müxtəlif dövrlərə aid səthi materialların (əsasən, keramik materiallar və onların fraqmentlərinin və d. maddi mədəniyyət nümunələrinin) təsvirləri də hesabatlarda əks olunub. Monoqrafiyada 1987-ci ildə aparılmış tədqiqatlar zamanı Ağdam rayonu üzrə 90 və Ağcabədi rayonu üzrə 60 abidənin yerləşməsi və dövrü əks olunmuş cədvəllər, abidələrin və tapıntıların fotoşəkilləri də yer alıb.

Əsər işğaldan azad edilmiş ərazilərdə yerləşən eneolit, tunc, antik dövrlərə, orta əsrlərin müxtəlif mərhələlərinə aid abidələrin yerinin, müasir durumunun müəyyən edilməsi, aidiyyatı dövlət orqanları tərəfindən elektron xəritələşməyə cəlb edilməsi istiqamətində ciddi əhəmiyyətə malikdir.

Əsərin elmi redaktoru tarix elmləri doktoru, professor Abbas Seyidov, elmi rəyçiləri t.e.d. Tufan Axundov və t.ü.f.d., dosent Təvəkkül Əliyevdir. Monoqrafiya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının qərarına əsasən çapa məsləhət görülüb.  Əsər arxeoloqlar, tarixçilər, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Avqust, 2021  11:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!