إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübariz Qurbanlı:“Həcc ziyarəti Səudiyyə Ərəbistanının qərarından asılı olacaq” - MÜSAHİBƏ

Qafqaz Müsəlmanları İdarəsinin açıqlamasında da qeyd olunduğu kimi, Həcc ziyarəti ilə bağlı məsələ Səudiyyə Ərəbistanın Həcc nazirliyi tərəfindən qəbul ediləcək qərardan asılıdır.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya verdiyi geniş müsahibəsi zamanı bildirib. Müsahibənin bir hissəsini təqdim edirik.

- Bu il Həcc ziyarəti ilə bağlı sənəd qəbulu başlasa da, ziyarətə qədər görülməli olan bir sıra prosedurlar dayandırılıb. Sizcə, bu il Həcc ziyarəti baş tutacaqmı, yoxsa ziyarət təxirə salınmalıdır?

- Səudiyyə Ərəbistanı yaranmış vəziyyətlə əlaqədar karantin rejimi tətbiq edib. Hazırda müqəddəs Məkkədə ayinlər dayandırılıb. Təkcə müsəlman aləmində yox, katolik, pravoslav mərkəzlərində, bütün müqəddəs ziyarətgahlarda, məbədlərdə ayinlər icra olunmur. Azərbaycan və bir sıra müsəlman ölkələrində məscidlərdə insanların toplu halda ibadəti də dayandırılıb. Yəni bu, zərurətdən irəli gəlib. Qafqaz Müsəlmanları İdarəsinin açıqlamasında da qeyd olunduğu kimi, Həcc ziyarəti ilə bağlı məsələ Səudiyyə Ərəbistanın Həcc nazirliyi tərəfindən qəbul ediləcək qərardan asılıdır.

- Mübariz müəllim, bir müddət əvvəl dini ziyarətlərin təşkilinin qanuna salınması müzakirə olunurdu. Yəni bütün dini ziyarətlərin Həcc ziyarəti kimi QMİ tərəfindən təşkil olunması nəzərdə tutulurdu, ayrı-ayrı turizm şirkətləri tərəfindən yox. Hazırda bu məsələ ilə bağlı vəziyyət necədir, bu məsələdə Komitənin mövqeyi nədən ibarətdir?

- Müqəddəs yerlərə ziyarətlərin təşkilinin mərkəzləşdirilməsi daha məqsədəuyğundur. Yəni burada pərakəndə fəaliyyətin olması təbii ki, özünü doğrultmur. Hazırda bütün diqqət koronavirusa qarşı mübarizəyə yönəlib və qeyd olunan məsələ hələ ki, müzakirə obyekti deyil.

- Bildiyimiz kimi, pandemiya ilə əlaqədar yaxın ailə üzvlərinin iştirakı ilə dəfnə icazə verilsə də, yas mərasimlərinin keçirilməsi dayandırılıb. Bu mərasimlərin nə zamandan keçirilməsi nəzərdə tutulur?

- Koronavirusdan vəfat edən vətəndaşlarımızın dəfni ilə bağlı xüsusi qaydalar müəyyən olunub ki, məhz bu qaydalara uyğun şəkildə dəfn mərasimləri keçirilir. O cümlədən bildiyiniz kimi, ölkəmizdə yas mərasimlərinin keçirilməsi qadağan olunub, dəfn mərasimlərində isə yalnız ailə üzvlərinin iştirakı məqsədəuyğun hesab edilib.

- Bir neçə il əvvəl demişdiniz ki, hansı məsciddə ki, dini icma qeydiyyatdan keçməyib, yaxud Qafqaz Müsəlmanları İdarəsi tərəfindən imam təyin olunmayıb, həmin məscidlərin fəaliyyətinə nəzarət edilir. Hazırda bu cür məscidlər yenə varmı?

- Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə rəsmi təyinatı olan imamlar var. Məhəlli və ya kiçik məscidlərə belə din xadimləri təyin olunub. İndi faktiki olaraq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən din xadimi təyin olunmayan məscidimiz yoxdur. Yəni bütün məscidlər üzərində təyinat məsələsi həll edilib.

- Ümumiyyətlə, istəyən hər kəs məscid aça bilər?

- Məscidin tikilməsinə icazə yerli icra hakimiyyəti tərəfindən verilir. Məscid hansı vəsaitlə tikilməsindən asılı olmayaraq - Dini icmanın vəsaiti ola bilər və ya ayrı-ayrı vətəndaşların ianəsi hesabına və s. - daha sonra bələdiyyənin balansına verilməlidir. Hazırda Azərbaycanda bütün məscidlər bələdiyyələrin mülkiyyətindədir. Bələdiyyələr isə məscid və onun yerləşdiyi ərazini əvəzsiz olaraq, yəni heç bir ödəniş almadan Qafqaz Müsəlmanları İdarəsinin istifadəsinə verir. Məscidlərin dini icması yaradılır, dövlət qeydiyyatına alınır. QMİ isə bu məscidə din xadimi təyin edir və yalnız bundan sonra məscid rəsmi şəkildə fəaliyyət göstərə bilər.

- Ölkəmizdə hər zaman ictimai-siyasi, iqtisadi sabitliklə yanaşı, dini sabitlik də əsas amil hesab olunub. Hazırda ölkədəki dini durumla bağlı vəziyyət necədir?

- Azərbaycanda dini durum sabitdir. Hazırda pandemiya ilə əlaqədar ümumi razılıqla məscidlərdə, kilsələrdə, sinaqoqlarda və digər ibadət yerlərində dini ayinlərin icrası müvəqqəti olaraq dayandırılıb. Amma bütövlükdə götürdükdə Azərbaycan çoxkonfessiyalı ölkədir. Respublikada istər müsəlman, istər yəhudi, istər xristian, istərsə də buddist - heç birinin dini ayinlərini icra etməsi üçün hansısa məhdudiyyət yoxdur. Azərbaycan tolerant, multikultural ölkədir və burada dini baxımdan, o cümlədən də ictimai-siyasi siyasi baxımdan sabitlik mövcuddur.

- Bu il imamların attestasiyası və maddi təminatı ilə bağlı hansısa yeniliklər gözlənilir?

- İmamların attestasiyası Qafqaz Müsəlmanları İdarəsində Qazılar Şurasında yaradılmış xüsusi Komissiya tərəfindən həyata keçirilir. Attestasiyadan keçənlərə imam, imam köməkçisi və dini ayinlərin icraçısı vəzifələri təyinatı verilir. Bu, vaxtaşırı həyata keçirilən prosesdir. Yeni işə götürülmə attestasiya ilə həyata keçirilir. Burada təhsil, fəaliyyət, dini bilgilər və s. hamısı nəzərə alınır. Bu, QMİ-nin səlahiyyətində olan məsələdir.

Onların maddi təminat məsələsinə gəldikdə isə, bunun üçün dövlət tərəfindən vəsait ayrılır. Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə həmin vəsait din xadimlərinə maddi yardım kimi verilir. Maddi yardımı isə yalnız rəsmi təyinatı olan din xadimləri ala bilər.

- Məzar yerlərinin pulsuz verilməsi, eləcə də məzar daşlarının ölçüsünə dair standartlara əməl olunurmu? Bir müddət əvvəl konkret ölçü müəyyən olunduğu açıqlanmışdı.

- Nazirlər Kabineti bununla bağlı qaydalar qəbul edib. Həmin qaydalara uyğun olaraq məzarlıqların salınması və idarə edilməsi bələdiyyələrin səlahiyyətinə verilib. Məzar yerlərinin ayrılması, dəfn qaydaları və s. həmin qaydalarda öz əksini tapıb. Bələdiyyələr də həmin qaydalara uyğun olaraq öz işlərini davam etdirir.

- Hər il Komitə tərəfindən xeyli sayda dini ədəbiyyata qadağa qoyulur. Bu il vəziyyət necədir?

- Burada qadağa qoyulmur, sadəcə məqsədəuyğun sayılmır. Biz bu gün internet əsrində yaşayırıq. Həmin ədəbiyyatı internetə yerləşdirib rahat oxumaq olur. Amma Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsi idxal edilən və ölkədə çap olunaraq yayılan dini xarakterli ədəbiyyatı ekspertizadan keçirir. Çünki Azərbaycan multikultural, tolerant ölkədir. Hansısa kitabda, yazıda dinlərarası, konfessiyalararası qarşıdurmaya təşviq və radikal dünyagörüşü təbliğ edən fikirlər ola bilər. Bu cür fikirlər varsa, həmin kitabı çap etmək və gətirmək istəyən vətəndaşa icazə verilmir.

Azərbaycanda məzhəblərarası qarşıdurmanı təşviq edən məlumatların yayılması dövlət və dövlətçilik, eləcə də dinimiz baxımından doğru deyil. Ona görə də bu cür kitablar olduqda həmin dini ədəbiyyatın yayılması məqsədəuyğun sayılmır. Amma hər hansı ilahiyyatçı alim xaricdən ölkəmizə gəlirsə və bir nüsxə məqsədəuyğun sayılmayan kitabdan gətirib tədqiqat üçün istifadə etmək istəyirsə, istisna hal kimi buna icazə verilir. İnternet üzərində bu cür məlumatlar yayılırsa, biz bununla bağlı sadəcə həmin məlumatların yayılmasının məqsədəuyğun olmadığını həmin insanlara, sayta çatdıra bilərik. Azərbaycan fikir, vicdan azadlığının 100 faiz təmin olunduğu ölkədir. Burada hansısa qadağa, məhdudiyyət və s. dünya üzrə qəbul olunmuş qaydalara zidd olan addım yoxdur.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 May, 2020  11:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!