25 Noyabr, 2019
QMİ sədri Qafqazda döyüşərək canlarından keçmiş azərbaycanlıların anım mərasiminə qatılacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 24-də Şimali Qafqaza səfərə yola düşüb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, QMİ mətbuat xidmətinin məlumatında bildirilib ki, Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində Azərbaycan nümayəndə heyəti əvvəlcə İkinci Dünya müharibəsi zamanı Mozdokun azad olunmasında iştirak etmiş 223-cü Azərbaycan Atıcı diviziyasının tərkibində döyüşərək canlarından keçmiş azərbaycanlıların xatirəsinin anım mərasiminə qatılacaqlar. Azərbaycanın Rusiya, Qafqaz, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu tədbirdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edəcək.

Noyabrın 25-də Şeyxülislam A.Paşazadə Şimali Osetiya-Alaniya Müsəlmanları Ruhani İdarəsinin 25 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edəcək. Mərasimdə çıxış edəcək QMİ sədri, həmçinin respublikanın müftisi Hacımurad Qatsalova anadan olmasının 65 illik yubileyi münasibətilə təbriklərini çatdıracaq.

Noyabrın 26-da QMİ sədri Şeyxülislam Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində Rusiya Federasiyası Prezident Administrasiyası və İslam elm, mədəniyyəti və təhsilinə dəstək Fondunun dəstəyi ilə keçiriləcək “Müasir Rusiyada İslam hüquq mədəniyyəti: vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak və çıxış edəcək.

Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində rəsmi görüşləri nəzərdə tutulur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9963.html