
İslam Əməkdaşlıq Təşkilatı ötən gün Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirdiyi təcili toplantının yekununda İsrail baş naziri Benyamin Netanyahunun fələstinlilərə qarşı ərazi iddiasını pisləyən bəyanat verib.
Ahlibeyt.az-ın məlumatına görə, Salamnews əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı ötən gün verdiyi bəyanatda İsrail baş naziri Benyamin Netanyahunun ərazi iddialarını rədd etdiyini və kəskin şəkildə pislədiyini bildirib.
Bəyanatda deyilib:
"İƏT-ın xarici işlər nazirlərinin toplantısı Netanyahunun İordan çayının qərb sahilində bəzi bölgələrin İsrailə əlavə edilməsini kəskin şəkildə pisləyir və onu mütləq şəkildə rədd edir. Yaxın Şərqdə sülh yalnız İsrailin 1967-ci ildən sonra işğal etdiyi ərazilərdən o cümlədən Şərqi-Qüdsdən çıxmasından sonra baş tuta bilər."
Qeyd edək ki, Benyamin Netanyahu ötən həftə Knesset seçkilərinin təbliğat kompaniyasında İordan çayının vadisinin, Ölü dənizin şimalının və İordan çayının qərbindəki (qeyri-qanuni tikilmiş) yəhudi yaşayış massivlərinin İsrailə qatılacağını vəd edib.
Netanyahunun bu çıxışını BMT və Avropa İttifaqı da pisləyib.