22 İyul, 2019
Günahları bağışlayan - Kumeyl duasının şərhi

Böyük din alimi,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik.

"Allahummə la əcidu lizunubi ğafirən, və la liqəbahi satirən, və la lişəyin min əməliyəl-qəbihi bilhəsəni mubəddilən ğəyrəkə"

(Pərvərdigara, Səndən başqa günahlarımı bağışlayacaq, qəbahətlərimi örtəcək və pis əməllərimi yaxşıya döndərəcək bir kəs tapmıram.)

Günahları bağışlayan

«Ğafir» və «Ğəfur» adları mehriban Allahın gözəl adları və ali sifətlərindəndir. Yəni, Onun müqəddəs vücudu çox-çox bağışlayandır. Bu bağışlanmanı əldə etmənin şərti həqiqi tövbə və haqqa qayıdışdır. Günahkar insan Allahın ğəfur sifətinə əsasən ümidvar olmalıdır ki, günahlarına tövbə etsə mütləq bağışlanacaqdır. Bağışlanmağa ümidsizlik böyük günahdır və əzabı vardır. «Yusif» surəsinin 87-ci ayəsində buyurulur: «Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər». «Zumər» surəsinin 53-cü ayəsində oxuyuruq: «De ki, ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim, Allahın rəhmətindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar».

«Nisa» surəsinin 23-cü ayəsindən görünür ki, Allah-Taala hər bir günahkarın tövbəsini qəbul edir: «Həqiqətən Allah bağışlayan və rəhm edəndir». «Maidə» surəsinin 39 ayəsini oxuyuruq: «Hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə Allah onun tövbəsini qəbul edər».

Bəli, tövbə edib, tövbədən sonra böyük günaha və təkrar kiçik günaha yol verməyən, qəzaya verdiyi vacib əmrləri yerinə yetirən, xalqın haqqını ödəyən şəxs hökmən bağışlanasıdır.

Həzrət Peyğəmbər (s) buyurur: «Həqiqi tövbəkarın dörd əlaməti vardır: Əməldə Allah əmrlərinin sözsüz icrası, batildən uzaqlaşmaq, həqiqətə bağlılıq və xeyirxahlığa güclü rəğbət».(«Mizanul-hikmət» 2-ci cild, səh-638.) Həzrət Əli (ə) buyurur: «Allah-Taala bəndəsinin üzünə şükür qapısını açıb, nemətin artım qapısını bağlamaz. O, dua qapısını açıb, qəbul qapısını örtməz. Allah tövbə qapısını açıb, bağışlanma qapısını bağlamaz».(«Nəhcül-bəlağə».)

Günahları örtən

Allah-Taala gizlində günah edib, onu kimsəyə açmayan bəndənin günahını açmağı sevməz. Həzrət Haqq özünü «Səttarul-uyub» adlandırır ki, hamı Onun gizli günahı açmadığını bilsin. Əlbəttə ki, həyasızcasına xalqın gözü qarşısında günah edən şəxsin günahını örtməyə dəyməz.

Həzrət Peyğəmbər (s) buyurur: «Allah tövbə edən şəxsin tövbəsini qəbul edib, onun əzalarına əmr edər ki, onun günahlarını özündən gizlətsinlər. Torpağa əmr olunar ki, günahları örtsünlər. Hətta bu günahı onun əməl naməsinə yazanların belə yadından çıxarılar.»(«Biharul-ənvar», 6-cı cild, səh-28.)

Müaviyə ibn Vəhəb nəql edir ki, İmam Sadiq (ə) belə buyurdu: «Allah-Taala xalis tövbə etmiş mömin bəndəsinə məhəbbət bəsləyir, günahlarını dünya və axirətdə örtər. Yazdıqları günahları mələklərin yadından çıxarar. Onlar Allahla görüşdükləri vaxt şahidlik etməyə günah tapmazlar».(«Kafi», 2-ci cild, səh-430.)

Rəvayətə görə qiyamət günü bəndə Allah hüzuruna gətirildiyi vaxt Allah-Taala əmr edər ki, qübbə qurub bəndəmi orada yerləşdirin. Sonra bəndəyə buyurar: «Ey mənim bəndəm, nemətlərimi günaha xərclədin, nemətimi artırdıqca, günahlarını artırdın». Bəndə xəcalətdən başını aşağı salar: Xitab olunar: «Ey mənim bəndəm, başını qaldır. Günah etdiyin saat günahını bağışladım». Sonra başqa bir bəndə gətirilər. O da danlanar və xəcalətdən ağlayar. Allah-Taala buyurar: «Günah edib güldüyün vaxt səni utandırmadım. Bu gün ki, günah etməyib ağlayırsan, səni necə rüsvay edim?! Səni bağışladım və behiştə getməyinə icazə verdim».(«Mənhəcüs-sadiqin».)

Ardı var...

Əvvəli: http://ahlibeyt.az/news/a-9586.html


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9630.html