3 Oktyabr, 2018
Gənclər beynəlxalq münasibətlərə dair fikirlərini ifadə etməlidirlər - Səfir

Məlum olduğu kimi, İƏT Gənclər Forumu İdarə heyətinin qərarına əsasən, Qüds şəhəri 2018-ci ildə İslam dünyasının Gənclər paytaxtı elan edilib.

“Qüds – İslam Dünyası Gənclər Paytaxtı 2018” proqramı çərçivəsində dünyanın müxtəlif regionlarında bir sıra mədəni və humanitar tədbirlər keçirilir.

Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, belə tədbirlərdən biri də Parisdəki Jan Mone mərkəzində təşkil olunub. Belə ki, burada “Əl-Qüdsün insani simaları” adlı fotosərgi nümayiş edilib.

Sərginin açılış mərasimində çıxış edən İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov qeyd edib ki, gənclərə beynəlxalq münasibətlər sahəsində aktual məsələlərə dair fikirlərini, o cümlədən bədii vasitələrlə ifadə etməyə imkan yaratmaq olduqca vacibdir.

Səfir bildirib ki, bu sərgi həmçinin YUNESKO və digər beynəlxalq təşkilatların mənzil-qərargahlarında mədəniyyətlərarası dialoq çərçivəsində nümayiş etdiriləcək.

Daha sonra E.İskəndərov qalibləri elan edərək, sərgiyə qatılan yüzlərlə digər iştirakçıya və tərəfdaşlara minnətdarlığını ifadə edib.

Fələstinin Fransadakı səfiri Salman əl-Hərfi İƏT Gənclər Forumuna “Qüds – İslam Dünyası Gənclər Paytaxtı 2018” proqramı çərçivəsində çoxsaylı tədbirlərin təşkilində göstərdiyi səylərə görə dərin təşəkkürünü bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8867.html