12 Dekabr, 2022
Xanım Fatimeyi-Zəhranın(s.ə) şəfaəti

Allah Rəsulunun(s) sevimli qızı, ismət və iffət nümunəsi, həzrət Siddiqeyi-Kubra - Fatimeyi-Zəhranın (s.ə) şəhadət günləri qeyd olunur - Bu günlər - “Əyyami-Fatimiyyə” adlanır.

Həzrəti Fatimeyi-Zəhranın şəhadət günü ilə bağlı iki rəvayət mövcuddur.Bəzi rəvayətlərə görə o, atasının Həzrət Mühəmməd Peyğəmbərin(s) vəfatından 75 gün sonra, bəzi rəvayətlərə görə isə 95 gün sonra şəhid olmuşdur.Bu iki nəzəriyyə daha mötəbər sayılır və Həzrət Zəhranın(s.ə) şəhadəti cəmadiyül-əvvəl ayının 13-ü və cəmadiyül-axır ayının 3-də qeyd edilir(Miladi təqvimi ilə bu il 20 yanvar və 19 fevral).

Bu iki tarixin arasında 20 gün zaman vardır ki, bu günlər “Əyyami Fatimiyyə”(Fatimə günləri) adlandırılır və Xanım Zəhranın(s.ə)şəhadətini yad edən mərasimlər təşkil olunur.

Xanım Fatimeyi-Zəhranın (s.ə.) məqam və fəzilətlərini dərk etmək üçün mütləq məsum rəhbərlərin kəlamlarına müraciət etmək lazımdır.

Allah dərgahına yaxınlıq məqamına çatanların faydalandığı mərtəbələrdən biri də şəfaətdir. Şəfi (şəfaət verən), Allah qarşısında hörmətinə əsasən şəfaətə uyğun günahkarların bağışlanmasını istəyir.

Əgər şəfaəti olmasaydı, Allah günahkar insanlarla ədalətə əsasən rəftar edərdi. Amma şəfaət edənin bir günahkar üçün istədiyi şəfaətə əsasən Allah öz fəzl və mərhəməti ilə cəzalandırmadan keçir. Şəfaətin əsası budur və ona heç bir eyb tutulmur. Çünki şəfaətin tohid və ilahi elmlə heç bir ziddiyyəti yoxdur.

Şəfaət məqamı peyğəmbərlərə, ilahi övliyalara (İmamlar və Əhli-beyt), şəhidlərə, mələklərə və sabit alimlərə aiddir. Fatimə (s) Əhli-beyt zümrəsindən, ilahi övliyalardan, hətta peyğəmbərlərdən üstün idi.

İmam Baqir (ə) həzrət Peyğəmbərdən (s) belə nəql edir:

"Qiyamət günü Allah tərəfindən nida ucalar ki, ey Fatimə, nə istəsən, kimə şəfaət istəsən qəbuldur."

Seyid Haşim Bəhrani İmam Sadiqdən(ə) belə nəql edir:

"Heç bir peyğəmbərin peyğəmbərliyi, Fatimənin (s.ə) fəzilətini təsdiqləmədən və ona məhəbbət bəsləmədən kamil olmadı.

- Həmçinin “İnna ənzəlnahu fi ləylətil-qədr” ayəsi haqqında buyurub: "Ləyl” - dən  məqsəd Fatimə(s.ə) və "Qədr"-də məqsəd Allahdır. Hər kəs Fatiməni(s.ə) olduğu kimi tanısa "ləylətil-qədr"-i dərk edibdir."

Həzrət Peyğəmbər (s) buyurmuşdur:

"Hər bir qadın beş vaxt namazını qılsa, Ramazan orucunu tutsa, Allah evinin vacib həccini yerinə yetirsə, malının zəkatını versə, ərinə itaət etsə, məndən sonra əlini (ə) imam və rəhbər bilsə, qızım Fatimənin şəfaəti ilə behiştə daxil olcaq. Fatimə dünya qadınlarının seyyidəsi və sərvəridir".

İmam Səccad (ə) buyurub:

"Qiyamət baş verdiyi zaman, carçı car çəkərək belə deyəcək:Bu gün qorxmayın və kədərlənməyin.Hamı bu ümumi bağışlanmadan başlarını qaldırar.

- Fatimeyi-Zəhra (s.ə) məhşərə daxil olan zaman deyiləcək Əhli-beyti(ə) sevənlərdən başqa ayələrimizə iman gətirənlər və müsəlman olanlar hamısı başlarını aşağı salsın.

O zaman Muhəmmədin (s) qızı həzrət Fatimeyi-Zəhranın (s.ə) kimiliyi məlum olar.

O, və ətrafında olanları cənnətə doğru gedərkən Allah bir mələyi onun yanına göndərib deyəcək:

Məndən hacətini istə! Fatimə (s.ə) ərz edəcək:

Ey Allah! Mənə və mənim övladlarıma kömək edənləri bağışla".

Bir hədisdə, imam Muhəmməd Baqir (ə) buyurur:

“And olsun Allaha! O gün (qiyamət günü) Fatimə(s.ə) onu sevənləri yaxşı dəni pis dəndən ayıran bir quş kimi, camaat arasından ayırıb(özüylə cənnətə aparacaq).

İmam Hadi (ə) həzrət Siddiqeyi-Tahirəyə (s.ə) Fatimə adının verilməsinin səbəbini peyğəmbərdən (s) belə nəql edir:

“Qızım Fatiməyə (s.ə) bu adın verilməsinin səbəbi Allahın onu və dostlarını oddan uzaq etməsidir”.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8091.html