
Yanvarın 8-də, Ciddədə İslam Əməkdaşlıq Təşkilatının Baş Qərargahında İƏT ölkələrinin gənclik siyasəti üzrə hökumətlərarası yüksək məmurlar qrupunun iclası keçirilib.
Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, toplantıda İƏT ölkələri Gənclər və İdman nazirliklərinin yüksək məmur statuslu ekspertləri İƏT-in “Gənclər Strategiyası” üzrə qəbul edilmiş qərarların icrasını müzakirə etmişlər.
Yığıncaqda çıxış edən İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov, 2016-cı ilin oktyabrında İstanbulda keçirilmiş İƏT Gənclər və İdman Nazirləri Konfrasnının 3-cü Sessiyasının qərarlarının icrası üzrə məruzəsini iştirakçılara təqdim etmiş, bu il Bakıda keçirilməsi nəzərdə tutulan İƏT GİN Nazirləri Konfransının 4-cü Sessiyasına hazırlıq barədə məlumat vermişdir.
Toplantıda İƏT məkanında gənclər siyasəti üzrə əsas problemləri əhatə edən 9 prioritet istiqamət müəyyən edilib.
Xatırladaq ki, İƏT Gənclər və İdman Nazirləri Konfransının 4-cü Sessiyasının 2018-ci ildə Bakıda həyata keçirilməsi planlaşdırılır və İƏT Gənclər Forumu bu Konfransın Katibliyi funksiyasını daşıyır.
İƏT ölkələrinin gənclik siyasəti üzrə ekspertlər qrupunun iclası işini sabah başa vuracaq.