5 Yanvar, 2018
Yaxınlıq məqamı - Kumeyl duasının fəzilət və şərhi

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik.

Yaxınlıq Məqamı

Bu məqam haqq yolçusu üçün ən üstün məqamdır. Bu məqam Allahın bəxşiş və kərəmi, möminin gözəl əxlaqı, günahdan çəkinməsi, saleh əməli, Peyğəmbər (s) və Əhli-beytə (ə) itaəti, Allah dostları ilə yoldaşlığı və bütün məqamlarda diqqəti vasitəsi ilə əldə edilə bilər. Sözsüz ki, bütün haqq aşiqlərinin itaət və ibadət yolu ilə bu məqama yetişməsi mümkündür. Bu məqama çatan yolçunun vücudunda tövhid həqiqəti cilvələnir, Allahdan qeyri nə varsa, fani olur. O, Allahın izni ilə xilafət kürsüsünə oturub, ilahi qüdrətdən faydalanır. «Ənisül-ləyl» kitabında nəql olunmuş qüdsi hədisdə Allah-Taala buyurur: «Ey mənim bəndəm, mənə itaət et ki, səni Özüm kimi edim. Mənim «ol» dediyim dərhal olur. Sən də bir şeyə «ol» desən, dərhal olar».

Digər bir hədisdə buyurulur: «Mən əbədi ölməyən diri bir sultanam. Ey mənim bəndəm, mənə itaət et ki, səni də əbədi, ölməz sultan edim».("Ənbiya”, 89.)

Mərifət əhli bu fikirdədir ki, bütün zahiri və batini ibadətlərdə məqsəd Allaha yaxın məqama çatmaqdır. İtaət və ibadətləri qaydasınca yerinə yetirən şəxs bu ali mərtəbəyə çatası və öz iradəsini Allahın iradəsinə tabe edəsidir. Haqq yolçusu öz itaət və ibadəti ilə Həzrət Haqqa doğru hərəkət etdiyi zaman Allahın rəhməti, ad və sifətləri sürətlə ona yaxınlaşır. Qüdsi hədisdə deyilir: «Mənə bir qarış yaxınlaşana bir dirsək yaxınlaşaram. Mənə bir dirsək yaxınlaşana bir «ba» (qollar üfüqi açıldıqda alınan məsafə) yaxınlaşaram. Hər kəs mənə doğru addım atsa, mən sürətlə ona tərəf gedərəm.»("Yusif”, 101.)

Bəli, ibadət və itaət, Allaha yaxınlaşma nəticəsində Allah da insana yaxınlaşar. Ayə və rəvayətlərdə bu məqam «yaxın məqam» adlandırılmışdır və bu məqama çatanlara «muqərrəbin» deyilir. Hal əhli o şəxsləri müqərrəbin adlandırır ki, onların fel və sifətləri Allahın fel və sifətləri qarşısında fani olmuşdur. Müqərrəbinin iradəsi Allah iradəsi, danışığı Allah danışığıdır. Qüdsi hədisdə buyurulur: «Allah-Taala buyurur: «Haqq yolçusu daim nafilələrlə (əlavə ibadətlərlə) Mənə yaxınlıq axtarır. Ona eşq bağladığım vaxt eşidən qulağı, görən gözü, danışan dili oluram. Ona düşünən qəlb oluram. Məni çağırdığı zaman cavab verir, istədiyini əta edirəm.»("Ənbiya”, 83.)

Həzrət Peyğəmbər (s) buyurur: «Müttəqinin sözü vəhy mərtəbəsindədir. Onlardan bəzilərinin dilindən çıxan söz haqqında «səninlə bu şəkildə kim danışıb» soruşulduqda belə deyər: qəlbim fikrimdən, fikrim batinimin dərinliyindən, batinimin dərinliyi Allah tərəfindən mənimlə danışdı».("Muminun”, 118.)

Bu məqamın ən üstün mərhələsində İslam Peyğəmbəri (s) olmuşdur. Həzrət (s) buyurur: «Məni görən kəs şübhəsiz haqqı görmüşdür.»("Ali-İmran”, 191.) «Allahla mənim aramda elə bir zaman var ki, heç bir yaxın mələk və mürsəl peyğəmbər həmin zamana mənimlə sığmaz».("Əraf”, 14.)

Həzrət Peyğəmbərdən (s) sonra bu məqamın ən üstün mərhələsinə çatan ariflər mövlası Həzrət Əli (ə) buyurur: «Batin nuru ilə məni tanımaq Allahı tanımaqdır.»("Mustədrəkul-vəsail”, 5-220.)

Arif şair Cəlaləddin Rumi Allahın müqərrəb bəndəsi olan Həzrət Nuhun (ə) məqamını onun dilindən qələmə almışdır. (İstər Rumi, istər Sədi, istərsə də başqa arif şairlərin şerlərini olduğu kimi tərcümə etmək gücündə olmadığımızdan tərcümələrdə sadəcə şerin əsas mövzusunu saxlaya bilirik. -Mütərcim.

Ey azğınlar, məndə məndən əsər yox,

Onda fani olmayandan səmər yox.

Dünya sevgisindən yığıldım cana,

Qatıldım büsbütün o bir canana.

Dediklərim ol mövlanın sözləri,

Oda çəkər ondan dönən üzləri.

Ardı var..

Əvvəli - http://ahlibeyt.az/news/a-7847.html

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7861.html