2 Noyabr, 2017
Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni nəşri hazırlanacaq

Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni nəşrinin hazırlanması məsələsinə baxılıb.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirində dilimizin lüğət tərkibinin imkanları və ana dilimizin saflığının qorunması haqqında irəli sürdüyü fikirlərin dilçilik elminin qarşısında mühüm vəzifələr qoyduğunu deyən İsa Həbibbəyli müstəqillik dövrünün yeni orfoqrafiya lüğətinin hazırlanmasının bu baxımdan böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İclasda Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin prinsiplərinin hazırlanması, mövzu ətrafında müzakirənin təşkili, lüğətin nəşri məqsədilə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə Respublika Komissiyasının yaradılması təklif edilib. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna bir ay müddətində aidiyyəti elmi qurumlarla birlikdə orfoqrafiya lüğətinin qayda və prinsiplərini hazırlayıb müzakirəyə vermək, eləcə də 2018-ci ilin may ayınadək yeni lüğətin hazırlanmasını təmin etmək tapşırılıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən də orfoqrafiya lüğəti hazırlanaraq çapa verilib.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7602.html