
“Whatsapp” vasitəsilə yayılan mesajlar, “bu mesajı 25 nəfərə göndərməsən səni bəla gözləyir və yaxud göndərsən sevinəcəksən” kimi mətnlərin hər hansı dini əsası yoxdur.
Ahlibeyt.az-ın məlumatına görə, bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
O qeyd edib ki, din ağıla və məntiqə söykənir: "Hansısa bir mesajı göndərmədikdə bəla gözləyir demək sağlam düşüncəyə və məntiqə ziddir. Bu, xurafatdır, mövhumatdır və ümumiyyətlə dinə qarşı, insanların inancına qarşı yönəlir. Sovet dövründə də poçtla məktublar şəklində belə mətnlər yayırdılar, indi bu cür mətnləri mesaj formasında göndərirlər”.