
Dəməşq beynəlxalq kitab sərgisində Suriyanın Vəqflər naziri Məhəmməd Əbdüs-Səttar əs-Seyyidin Quran- Kərimə yeni yazdığı təfsirin təqdimat mərasimi keçirilib.
Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, Dəməşqin "Hafiz Əsəd Milli Kitabxanası"nda beynəlxalq kitab sərgisi keçirilməkdədir.
Məlumata görə, Dəməşq kitab sərgisində Suriyanın Vəqflər naziri Məhəmməd Əbdüs-Səttar əs-Seyyidin Quran- Kərimə yeni yazdığı "ət-Təfsir əl-Came" adlı təfsirinin təqdimat mərasimi Suriyalı din alimləri və yazarlarının iştirakı ilə keçirilib.
Kitabın təqdimat mərasimində çıxış edən Vəqflər naziri və kitabın müəllifi Məhəmməd Əbdüs-Səttar əs-Seyyid bildirib:
" Din adına danışan təkfirçi cərəyanlar və siyasi hərəkatların çoxu Quran- Kərim və Peyğəmbər (s) sünnəsini yanlış təfsir edir və anlayırlar və mən bu yanlış təsəvvürü və Quran- Kərimdən səhv çıxarışları zehnlərdən yumaq məqsədi ilə bu təfsiri yazdım.
Biz bu gün Quran- Kərimdən düzgün təfsir ortaya qoymalı və təkfirçilərin şübhələrinə cavab verməliyik. Bizim Quran- Kərimin düzgün təfsiri ilə terrorizm və radikalizm ilə mübarizə aparmağa ehtiyacımız var. Çünki Quran- Kərimin hər cür yanlış təfsiri və səhv anlayışı yeni bir azğın və təkfirçi cərəyanların yaranmasına səbəb ola bilər. Necə ki, cinayətkar terroristlər və təkfirçi vəhabilər səhv təfsirin bəhrəsidir. Onlar Quran- Kərimi öz əqidələrinə uyğun yozaraq və təfsir edərək insanları aldadırlar.
Buna görə də bu gün Quran- Kərimin səhih, müasir, Ərəb dilinin köklü qrammatikasına söykənmiş, elmi əsaslara uyğun və Peyğəmbərin (s) sünnəsi və sirəsi əsasında təfsiri bir zərurətdir.
Qeyd edək ki, indiyədək bu təfsirin 4 cildi (Quranın dördüncü cüzünədək) çap və nəşr edilmişdir və yaxın gələcəkdə qalan cildlər və cüzlərin təfsiri də çap və nəşr ediləcəkdir.