24 İyun, 2017
Qətər XİN rəhbəri: “Qarşımıza qoyulan tələblər qeyri-realdır”

Bir sıra dövlətlər tərəfindən qarşımıza qoyulan tələblər qeyri-realdır.

Ahlibeyt.az-ın məlumatına görə, APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə əsasən, bunu Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Təni bəyan edib.

“Bizə qarşı tətbiq edilən sanksiyalar qeyri-qanunidir. Bu, bizim suverenliyimizin məhdudlaşdırılması və xarici siyasətimizə müdaxilə deməkdir”, deyə nazir əlavə edib.

Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərə 13 bənddən ibarət ultimatum verib. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb.

Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edir. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7087.html