
ABŞ prezidenti Donald Trampın ilk xarici turne çərçivəsində Səudiyyə Ərəbistanına səfəri başlayıb.
Ahlibeyt.az-ın İnterfax-a istinadən məlumatına görə, ABŞ dövlət başçısını dövlət katibi Reks Tillerson, digər rəsmi şəxslər, eləcə də həyat yoldaşı, dövlət müşaviri vəzifəsini tutan qızı və kürəkəni Jareld Kuşner müşayiət edir.
Ər-Riyadda onun Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Azizlə görüşü planlaşdırılıb.
Daha sonra “Birlikdə biz məqsədlərimizə çatacağıq” şüarı altında ABŞ-Səudiyyə Ərəbistanı sammiti keçiriləcək, iqtisadiyyat, hərbi-texniki və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bir sıra ikitərəfli razılaşmaların imzalanması gözlənilir.
D. Trampın Ər-Riyadda həmçinin Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasına üzv ölkələrin liderləri ilə yüksək səviyyəli görüşü olacaq. Görüşə daha sonra 40-a yaxın ərəb və müsəlman ölkəsinin liderləri qatılacaq.
Qeyd edək ki, Azərbaycan da həmin görüşə dəvət olunan ölkələr sırasındadır.
Tramp ilk xarici turne çərçivəsində həmçinin İsrail və Vatikana səfər edəcək, NATO-nun Brüssel sammitində və G-7 liderlərinin Siciliyada keçiriləcək görüşündə iştirak edəcək.