
Uzun müddət Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində dövlət qeydiyyatsız fəaliyyət göstərmiş "İlahiyyat" məscidinin idarəçiliyi Qafqaz Müsəlmanları İdarəsinə(QMİ) verilib.
Ahlibeyt.az-ın məlumatına görə, bu barədə QMİ mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib:
"Ölkəmizdə dini təhsil alan tələbələr üçün tədris, maarifləndirmə işlərinin daha təkmil şəraitdə həyata keçirilməsi məqsədilə məscid ətrafındakı ərazidə gələcəkdə geniş yenidənqurma işlərinin görülməsi – "Tədris Mərkəzi"nin inşası nəzərdə tutulur. Bu "Tədris mərkəzi"nin elm məbədi - universitet yaxınlığında yerləşməsi də mühüm məqam kimi nəzərdən keçirilir.
Dövlət başçımızın diqqət və yardımı sayəsində yaradılmış yeni islam kollecləri üçün müasir tələblərə cavab verəcək, dinin elmi şəkildə tədrisi prosesinin təkmilləşdirilməsinə xidmət edəcək belə bir mərkəzin Azərbaycanda İslam Həmrəyliyi İlində yaradılması dindarlara böyük töhfə olacaq.
Hazırda bu istiqamətdə layihə hazırlıq işləri görülür və bu, məscidin fəaliyyətinə heç bir maneə yaratmır. Məsciddə ibadət prosesləri həyata keçirilməkdə davam edir."