
Çeçenistan rəhbəri Ramzan Kadırov respublika imam və mollalarını yol-nəqliyyat hadisələrinin(YNH) sərxoş günahkarları üçün cənazə namazı qılmamağa çağırıb.
Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Çeçenistan lideri belə insanların islam adətləri üzrə dəfn edilməyə layiq olmadıqları qənaətindədir.
“Əgər insan sərxoş halda yol-nəqliyyat hadisəsi törədərək ölübsə, onun dəfni ilə din xadimləri məşğul olmamalıdırlar. Cəmiyyət dəqiq şəkildə anlamalıdır ki, bu insan şüurlu şəkildə, bilərəkdən cinayət törədib.”, - R.Kadırov bildirib.
Xatırladaq ki, R.Kadırov bundan əvvəl sükan arxasına sərxoş vəziyyətdə əyləşən şəxsin terrorçu qədər təhlükəli olduğunu bəyan edib. Böyük səs-küy yaradan bu bəyanata səbəb noyabrın 28-də sərxoş sürücünün günahı ucbatından Çeçenistanda baş verən yol qəzasıdır. Həmin qəza nəticəsində 7 nəfər həyatını itirmişdi.
Bundan sonra respublikada sahibkarların şəxsi təşəbbüsləri ilə bütün alkoqollu içki məntəqələri bağlanılıb.
KİV-in məlumatına əsasən, hadisə günahkarının qohumları respublikanı tərk ediblər.