4 May, 2016
Şəhid olan Silahlı Qüvvələrin əsgəri dəfn edilib - Foto
19 yaşlı Əmrah Yüzbəyov Xaçmaz rayon Hacıməmmədoba kənd qəbirstanlığında torpağa tapşırılıb.

Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, qoşunların təmas xəttində qarşı tərəflə atışmada əsgər Yüzbəyov Əmrah Aydın oğlu mayın 3-də şəhid olmuşdu.

19 yaşlı Yüzbəyov Əmrah ötən il aprel ayında Xaçmaz rayonundan hərbi xidmətə çağrılmışdı. Xaçmaz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlunun nəşi bu gün səhər saatlarında rayona gətirilib.

Şəhid Xaçmaz rayon Hacıməmmədoba kənd qəbirstanlığında dəfn olunub.

Şəhidin nəşi ata evindən qəbristanlığa kimi olan 1 km məsafəni döyüş yoldaşlarının çiynində onlarla insanın müşayiəti ilə aparılıb. Şəhidin tabutunun büküldüyü bayraq onun atasına təqdim edilib. Əsgər yoldaşları isə ona olan ehtiramlarını yaylım atəşi açmaqla bildiriblər.

Şəhid olan Y.Əmrah ailənin ikinci övladı olub. O, aprel döyüşləri başlayanda Facebook səhifəsində - "şəhid olmaq hamıya qismət olmur" statusunu paylaşıb.







Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5005.html