
Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yaydığı telefon danışıqlarını özündə əks etdirən audioyazıya münasibət bildirib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Azertac-a açıqlamasında deyib ki, ermənilərin guya bizim itki verməyimizlə bağlı yaydığı telefon danışıqlarından ibarət səs yazısı saxtadır. “Onlar həmin saxta səs yazılarını artıq neçənci dəfədir ki, dövriyyəyə buraxırlar. Bu səs yazıları Ermənistanın hərbi kriminal rəhbərliyinin xəstə təxəyyülünün məhsuludur. Azərbaycan tərəfi heç bir itki verməyib və bu barədə düşmənin yaydığı məlumatlar kökündən yalandır”-deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi bildirib.
Vaqif Dərgahlı qeyd edib ki, hazırda təmas xəttində vəziyyət stabildir və Azərbaycan Ordusu əməliyyat şəraitinə tam nəzarət edir.
Xatırladaq ki, Ermənistan mətbuatı Azərbaycan tərəfinin guya itki verməsi barədə telefon danışıqlarından ibarət səs yazısı yayıb.