
Aprelin 26-da təhsil naziri Mikayıl Cabbarov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən, UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Qian Tanq ilə görüşüb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Nazirlikdən Azertac-a bildiriblər ki, görüşdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun bu əməkdaşlığa verdiyi dəstək xüsusi vurğulanıb.
Müzakirələr zamanı Q.Tanq tərəfindən Azərbaycanda Peşə Təhsili Agentliyinin yaradılması yüksək dəyərləndirilib. Eyni zamanda, təhsilin ekstremizmlə mübarizədə rolu barədə danışılıb.
Daha sonra tərəflər Azərbaycan və UNESCO arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.