
Suriyada parlament seçkilərinə bir gün qalmış Suriya Xalq Şurası(Parlament) ölkədə “sükut günü” elan edilib.
Ahlibeyt.ıaz-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə seçki komissiyasının sədri hakim Hişam əş-Şaar məlumat verib.
Onun sözlərinə əsasən, aprelin 12-də saat 07:00-dan etibarən ölkədə istənilən təbliğat fəaliyyəti qadağan ediləcək: “Müvafiq xidmətlərə şəhər küçələrini namizədlərin öz seçki kampaniyalarında istifadə etdikləri bütün plakatlardan təmizləmələri barədə göstəriş verilib.
Xalqın öz iradəsini ifadə etməsi üçün bütün hazırlıq işləri tamamlanıb.
Aprelin 13-də baş tutacaq seçkilərdə paytaxt və əyalət şəhərlərində 7000-dən artıq seçki məntəqəsi fəaliyyət göstərəcək."
Suriya Xalq Şurasına seçkilər 2012-ci il 26 fevral tarixində keçirilmiş referendumda təsdiq edilən konstitusiyaya müvafiq olaraq çoxpartiyalı əsasda baş tutacaq.
Xalq Şurası ümumi, birbaşa və gizli səsvermə yolu ilə dörd il müddətinə seçilən 250 millət vəkilindən ibarətdir.