10 Noyabr, 2015
Azərbaycanlıları lağa qoyan verilişə görə İRİB əməkdaşları cəzalandırılıblar

İran İslam Respublikası Dövlət Teleradio Təşkilatının rəhbərliyi (İRİB) Azərbaycan dilinə hörmətsizlik edərək onu lağa qoyan “Fitileh” uşaq verilişinin efirə verilməsinə məsuliyyət daşıyan əməkdaşı işdən çıxarıb və azərbaycanlılardan üzr istəyib.

Ahlibeyt.az-ın Azərtac-a istinadən verdiyi xəbərə görə, noyabrın 6-da efirə gedən verilişlə bağlı ziyalılardan ibarət bir sıra yerli azərbaycanlının etirazından sonra İRİB-in ictimaiyyətlə əlaqələr şöbəsi bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Əziz həmvətənlərimizin narahatlığına səbəb olan verilişin efirə buraxılmasına məsuliyyət daşıyanlar işdən azad ediliblər. Əsrlər boyu müxtəlif xalqların nümayəndələri İranda milli birlik və həmrəylik şəraitində yaşayıblar. İranın çoxmilliliyi onun zənginliyini göstərir. Bu milli birliyə zərər vurmağa heç kəsin haqqı çatmır”.

Bəyanatda həmçinin televiziya rəhbərliyinin üzrxahlığı bildirilib və bu kimi halların bir daha baş verməyəcəyi vurğulanıb.

Eləcə də məsələ ilə bağlı İRİB-in iki vəzifəli şəxsinə töhmət verilib.

Son məlumatlara görə,"Fitile" adlı proqram təhqirə yol verdiyi üçün İran Radio və Televiziya Qurumu tərəfindən yayından çıxarılıb.Qurumun rəhbəri Məhəmməd Serafraz bu hadisəyə görə üzr istəyib - "Proqramdakı təhqirə görə İranda yaşayan azərbaycanlılardan üzr istəyirəm. Proqraam yayımdan çıxarılıb və məsul şəxslərin cəzalandırılması işləri başlayıb".

 


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3991.html