
Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri Parlament Birliyinin icra komitələrinin bu gün Pakistanda keçiriləcək 34-cü iclasında iştirak edəcək.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, iclasda Pakistan, Əlcəzair, Mərakeş Krallığı, Səudiyyə Krallığı, Banqladeş, Malayziya, Çad, Qvineya, Fil Dili Sahili, Uqanda, Türkiyə, İraq və İran parlamentlərinin nümayəndələri iştirak edəcəklər.
Toplantıda 2016-cı ildə İraqın paytaxtı Bağdadda keçirilməsi planlaşdırılan İƏT ölkələrinin Parlament Birliyinin 11-ci konfransının gündəliyi müzakirə ediləcək və gündəlik dəqiqləşdiriləcək. Yığıncaqda həmçinin terrorçuluq, ekstremizmlə mübarizə üzrə Xartiya layihəsi, İƏT Parlament Birliyinin daimi komitələrinin siyasi, xarici, ətraf mühit, insan hüquqları, qadın məsələləri, mədəniyyət, hüquqi məsələlər, sivilizasiyalar və dinlərarası dialoq məsələləri üzrə fəaliyyəti müzakirə olunacaq. İclas İslamabad Bəyannaməsinin qəbul olunması ilə başa çatacaq.