10 İyun, 2015
Kumeyl Duası - fəzilət və şərhi

Kumeyl duası - Duanın fəzilət və şərhi(2-ci hissə)

Rəvayətlərdə qeyd olunur ki,varlıq aləmində bütün mövcudların ən şərəflisi insan olduğu kimi, duaların da ən şərəflisi "Kumeyl” duasıdır.

Əllamə Məclisi Seyyid ibn Tavusun "İqbal” kitabına əsaslanaraq özünün "Zadul – Məad” kitabında yazır: "Kumeyl deyir ki, bir gün Bəsrə şəhərində Mövlam Əlinin yanında oturmuşdum. Şəbanın on beşinci gecəsindən söz düşdü. Həzrət Əli (ə) buyurdu ki, hər kəs bu gecəni oyaq qalıb ibadət etsə Həzrət Xızrın (ə) duasını oxusa, duası hökmən qəbul olar. Sonra Həzrətin xidmətinə gedib xahiş etdim ki, bu duanı mənə öyrətsin. O buyurdu: "Ey Kumeyl! Elə ki, bu duanı öyrəndin, ya hər cümə axşamı, ya ayda bir dəfə ya ildə bir dəfə  ya da ömründə bir dəfə onu oxu. Bu dua səni düşmənlərin şərrindən qoruyar, sənə ruzi yetirər və günahlarını bağışladar. Ey Kumeyl! Belə bir nemət və kəramətlə ucalmağının səbəbi uzun müddət göstərdiyin xidmətlərdir. Mərhum Kəfəmi "Misbah” kitabında yazır ki, Həzrət Əli (ə) bu duanı səcdə halında oxuyardı.

Bu duanı oxuyan şəxs bir sıra şərtlərə əməl etməklə yanaşı üzü qibləyə olmalı, müti görkəm, sınıq qəlb, xalis niyyət, ağlar göz və qəmli səslə oxumalıdır. Sözsüz ki, bu halda oxunan duanın qəbuluna ehtimal çoxdur.

Ağlar göz Allah hüzurunda böyük etibara və dəyərə malikdir. Göz yaşı günahların bağışlanmasına, Allahın qəzəbinin soyumasına və ilahi rəhmətə qovuşmağa səbəb olur. İmam Sadiq (ə) buyurur: "Bir damla göz yaşı dəryalarca atəşi söndürür. Göz yaşardığı vaxt zülmət və xarlıq çöhrədən çəkilər. Göz yaşı axıdan kəsə Allah Cəhənnəmi haram edər. Doğrudan da gözü ağlar bir ümmət hər halda mərhəmətə çatar.”

Həzrəti İmam (ə) başqa bir hədisdə buyurur: "Yalnız üç göz Qiyamətdə ağlamaz: Allahın haram buyurduğuna qapanan göz, Allah yolunda yuxusuz qalan göz, gecə yarı Allah qorxusundan ağlayan göz.”

"Bismillahir-rəhmanir-rəhim"

"Kumeyl” duasının sonsuz nur mənbəyi olan "bismillah” ilə başlanmasının bir neçə səbəbi var:

Həzrət Əli (ə) Həzrət Peyğəmbər (s)-dən, Həzrət Peyğəmbər (s) isə Allah-Taaladan rəvayət etmişdir ki: "Hər hansı böyük bir iş Allahın adı ilə başlanmazsa puç və nəticəsizdir.”(«Vəsailüş-şiə», 8-ci cild, səh-150.)

İmam Musa ibn Cəfər (ə) buyurmuşdur: "Qəm-qüssəyə düşmüş şəxs ü

zünü göyə tutub üç dəfə "bismillahir-rəhmanir-rəhim” deyərsə mümkün deyildir ki, Allah onun narahatlığını və qəm-qüssəsini aradan qaldırmasın. Əgər Allah istəyərsə!”

Hədisdə buyurulur: «Bismillahir-rəhmanir-rəhim» ilə başlayan dua Allah dərgahında rədd edilməz.(«Ali-İmran» surəsi, ayə 133.)

Həzrət Peyğəmbər (s) Cəhənnəm odunun dillərinin sayının on doqquz olduğunu bildirmişdir. Həzrət (s) buyurur ki, bu on doqquz dildən qurtulmaq istəyən kəs on doqquz hərfdən ibarət olan "bismillahir-rəhmanir-rəhim” kəlmələrini oxumalıdır. Mehriban Allah bu kəlmələrin hər bir hərfini Cəhənnəm odunun bir dili qarşısında sipər edər.

İslam Peyğəmbəri (s) buyurmuşdur: "Əgər bir müəllim bir uşağa "bismillahir-rəhmanir-rəhim” öyrədərsə Allah-Taala bu uşağa, bu uşağın ata-anasına və müəlliminə Cəhənnəmdən qurtuluş vəsiqəsi verər.”

Allah-Taala ən üstün müqəddəslik mərtəbəsindədir.Rəbbimiz "bismillah” kəlməsini özü ilə insan arasında vasitə qərar vermişdir.Bu kəlmənin həqiqi mənasını anlamaqla tərəqqi nərdivanında qalxmaq olar. İlahi camal və cəlalın müşahidəsi üçün bu yolla şərait yaranır.

"Bismillah” oxuyan insana bildirilir ki, Allah-Taala onun aşkar və gizli olan bütün əməllərini görür, bütün dediklərini eşidir, çəkdiyi nəfəsləri sayır. İnsan dərk etməlidir ki, belə bir bəsirət qarşısında riyakarlığı, belə bir dinləmə mühitində artıq sözə və belə bir hesab aparıldığı vaxt çəkdiyin nəfəsdən xəbərsizliyə yer yoxdur."Allah” bütün ilahi sifətlərin toplandığı mübarək addır.

«Rəhman» bütün mövcudlara rəhmət edən mənasındadır.Rəhmət olmayan yerdə nə varlıq, nə də kamal var. "Rəhman” kəlməsinin mənası mövcudlara xeyir verilməsi və onlardan şərrin dəf edilməsi üçün iradədir. Bütün nemətlər Allahın rəhmaniyyətindən cilvələnir. Bu cilvələrdən bir qismi mübarək "Ər-Rəhman” surəsində də bəyan olunmuşdur.

Bu günün şükrünü çıxarsan əldən

Sabahkı təəssüf gətirəcək qəm.

Ey böyük Yaradan, ey böyük Mövla,

Ağlar aşiqləri kölgəndə saxla.

Layiqli tərifə qüdrətimiz yox.

Eşqin sorağında saxlama gəl çox.

Sədinin şerinə oxşar bu sözlər

Kərəminə baxıb, lütfünü gözlər.

"Rəhim” kəlməsi davamlılıq bildirir. Yəni, Allah-Taalanın rəhmət və mehribanlığı əbədi və sabitdir.

Rəhmət, bağışlama mömin insanların xüsusiyyətidir. Onlar Allahdan istiqamət alıb halal-harama riayət etdikləri üçün, gözəl əxlaqla bəzənib, nemətlərə şükür etdikləri üçün bu sifətə layiq görülmüşlər.

"Rəhman” və "Rəhim” kəlmələrində qurtuluş mənası vardır. Birində dünyəvi, digərində axirət  qurtuluşu.Saleh bəndələr ibadətlərinə görə rəhmət intizarındadırlarsa, günahkarlar ehtiyac ucbatından bu rəhmətə göz dikmişlər.

İbn Mübarək deyir: "Rəhman odur ki, istəyəndə verir, Rəhim isə istəməyənə qəzəblənir.”

Rəhman bütün canlılara ruzi verəndir, Rəhim isə iman əhlinin günahlarını bağışlayandır. İnsan ruzi üçün öz ticarətinə yox, Allahın rəhmanlığına bel bağlamalıdır. Amma şəriət və əql baxımından ticarəti, işi atmaq olmaz. İnsan günahlarının bağışlanmasında öz saleh əməlinə yox, Allahın rəhimliyinə bel bağlamalıdır. Amma saleh əməli tərk edib şeytanı sevindirmək olmaz.

İnsanda qəlb, nəfs və ruh fəaliyyətdədir. Nəfs ruzi və gözəllik, qəlb mərifət və iman, ruh isə rəhmət və razılıq sorağındadır. Qəlb - "Allah” adında mərifət və iman, nəfs - "Rəhman” adında ruzi və gözəllik, ruh - "Rəhim” adında rəhmət və razılıq tapa bilər.

Qəlb və canına bu üç mübarək ad nüfuz edən bəndə Allahdan başqa məbud tanımır. O, Allahın bütün bəndələrinə qarşı mehriban olur. Bu nurani kəlmələrin zikri bütün məqamlarda zəruridir. Öz batinlərini paklamaq məqsədi ilə səmimi qəlbdən bu kəlamı zikr edib onun mənasına diqqət edənlər böyük faydalara çatırlar.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs gündə on dəfə "bismillahir-rəhmanir-rəhim” və "la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim” deyərsə günahlarından paklanar və Allah-Taala onu yetmiş bəladan hifz edər.”

"Allahummə inni əsəlukə-birəhmətikəl-ləti vəsiət kullə şəy”

("Pərvərdigara! Səni hər şeyi bürümüş rəhmətinə and verib, Səndən istəyirəm.”)

Bu cümlənin hər bir ilahi kəlməsi o qədər rəmzlərə malikdir ki, şərhə ehtiyac duyulur. "Allahummə” kəlməsi "ya Allah” kəlməsindən yaransa da Allah-Taalanın əzəmətini daha üstün şəkildə göstərir. Allaha müraciət edənlər  dərin bir duyumla "Allahummə” çağırırlar.

Yalnız ilahi qüdrətdən güc almaqla "Allahummə” deyərək Allahı çağırmaq mümkün olur. Dua oxuyanlar unutmamalıdırlar ki, Allahın istəyi olmazsa dil duaya açılmaz. Bəli, dua Allahın öz təlimidir. Dua oxuyanın varlığı Allahın hökumətindədir. Dua oxuyanın sözü, halı Allahın iradəsinə tabedir.

"İnni” kəlməsi "mən” mənasını verir. Amma bu "mən” eqoist "mən” deyil. Bu ilahi cümlədə zikr olunmuş "mən” zati bir fəqirlik, acizlik, möhtaclıq mənasındadır. Dua oxuyan şəxs özündə acizlik və çarəsizlikdən başqa bir şey görmür. O, öz məhbubunda rəhmət, kəramət, lütf, məhəbbət, ehsan, ədalət müşahidə etdiyindən möhtac halda ona əl açır və bu işdə Allahın hər şeyi bürümüş rəhmətinə ümid bağlayır.

"Birəhmətikəl-ləti vəsiət kullə şəy”: Məhbubun rəhməti hər şeyi bürümüş, zahirdə və batində hər şeyi əhatə etmişdir. Məhz bu geniş ilahi rəhmət hər şeyi yoxluq zülmətindən varlıq işığına çıxarmışdır. Hər bir varlıq öz qabiliyyətinə ləyaqətinə tutumuna uyğun yer almışdır.

"Allahın ümumi feyzi Günəş kimidir. Bütün Yer üzündəkilər istisnasız olaraq Günəşin nurundan faydalandıqları kimi Allahın da ümumi feyzindən kimsə məhrum edilməmişdir. Bütün görünən və görünməyən mövcudlar bu geniş rəhmətdən faydalanmaqdadırlar.Bu rəhmət dairəsindən çıxmaq üçün kimsədə güc yoxdur və bu dairədən çıxmaq - məhv olmaq deməkdir.

Varlıq aləminin yaranması, məxluqun ruziyə çatması, təbiətin inkişafı, peyğəmbərlərin və ayələrin göndərilməsi, azğınların hidayəti, Qiyamət dirçəlişi, Cənnət və Cəhənnəm - Allah-Taalanın ümumi feyz və geniş rəhmətinin şüalarıdır.

Biz insanlar bu geniş rəhməti anlamaq gücündə deyilik. İnsan əqli bu həqiqəti dərk etməkdə acizdir. "Kullə şəy”, yəni hər şey dedikdə nəzərdə tutulan yaranmışları sayıb qurtarmaq mümkün deyil.Biz Allahın geniş rəhmətini çox cüzi şəkildə qavraya bilirik. İnsan övladı bu rəhmət günəşinə yalnız bir göz qırpımı qədər baxa bilir.

Əvvəli - http://ahlibeyt.az/news/a-3153.html

Huseyn Ənsariyanın - "Kumeyl Dusının şərhi"  kitabından

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3220.html