
“1990-cı illərdə Qorbaçov, Yazov və Primakov Azərbaycanı bölüşdürmüşdülər və bunu rəsmiləşdirmək istəyirdilər. Azərbaycana radikal İslam damğası vuraraq buranı dağıtmaq istəyirdilər”.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, bunu Qafqaz müsəlmanları İdarəsinin(QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə "20 Yanvar" şəhidlərinin yaxınları ilə görüşdə deyib.
O qeyd edib ki, xalq buna imkan verməyib, öz sözünü deyib, Azərbaycanın tolerant ölkə olduğunu sübut edib: “20 Yanvar hadisəsi xalqın bu yolda mübarizə əzmini sübut etdi. Allah 20 yanvarı bizə qəhrəmanlıq üçün göndərmişdi”.
Şeyxülislam hadisənin səhəri günü baş verənlərdən də danışıb: “Bizə təzyiqlər başlandı. Hətta qırılanların dəfninə də mane olurdular. Deyirdilər ki, Dağüstü Park olmaz, hərəni öz qəbiristanlığında dəfn edin. Hətta onlara şəhid deyilməsin. Bunlar o vaxt dövlətə rəhbərlik edənlərin səriştəsizliyinin ucbatından baş verirdi. Çünki o vaxtkı rəhbər imperiyanın köləsi idi”.
A. Paşazadə deyib ki, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu məsələdə də haqq ədalət yerini tapıb: “Yuxarıda Allah Taala, yerdə isə Heydər Əliyevin köməkliyi ilə haqq öz yerini tapdı, onlara şəhid statusu da verildi. Amma hələ də dünyada bu hadisəyə tam hüquqi qiymət verilməyib”.