
İraqın ən nüfuzlu dini lideri Ayətullah Sistani ölkə Parlamentindən yerli əsgərlərin kütləvi şəkildə edam edilməsi işi üzrə istintaq başladılmasını tələb edib.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə "PressTV"agentliyi bu barədə Ayətullah sistaninin rəsmi nümayəndəsi Əhməd əl-Safi məlumat verdiyini bildirib.
Onun sözlərinə əsasən, Ayətullah Sistani iyun ayında paytaxt Bağdadın şimalındakı Spayşer düşərgəsində yüzlərlə iraqlı əsgəri qətlə yetirənlərin tapılaraq cəzalandırılmasını istəyib: “Spayşer düşərgəsindəki insidentdə İraqın yüzlərlə övladı amansız və naməlum şəraitdə qətlə yetirilib. Onların bir çoxu hələ də itkindir; onlar, bəlkə də sağdırlar.”
Əl-Safi əlavə edib ki, öldürülən əsgərlərin ailələri də İraq Parlamentindən insidentin ədalətli istintaqını və müvafiq qərarı gözləyir. Nümayəndə “Human Rights Watch” təşkilatının müvafiq hesabatına da toxunub. Belə ki, həmin hesabatda “İslam Dövləti” (İŞİD) terror təşkilatı üzvlərinin 560-770 nəfər arası iraqlı əsgəri sözügedən düşərgədə kütləvi şəkildə edam etdikləri deyilir.