4 Sentyabr, 2014
Komitə Sədri - "Milli adət-ənənələrimizin, dinimizin yad ünsürlərdən qorunması istiqamətində fəaliyyət daha da gücləndirilməlidir(foto)

Bizim milli-mənəvi dəyərlərimiz arasında İslam dini xüsusi əhəmiyyətə malikdir və bu mütərəqqi dinin düzgün təbliği prioritet məsələlərdəndir".

Ahlibeyt.az-ın  DQİDK-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) sədri - Mübariz Qurbanlı sentyabrın 4-də paytaxtın Sabunçu rayonunda dini icmaların nümayəndələri ilə keçirilən görüşdə deyib.

Tədbiri giriş sözü ilə açan  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, bildirib ki, din xadimlərinin cəmiyyətdə çox böyük bir rolu vardır və bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir. İcra hakimiyyətinin başçısı qeyd edib ki, ölkəmizdə dinin dövlətdən ayrı olmasına baxmayaraq din hər zaman dövlətə dayağı kimi çıxış edib.

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, milli adət-ənənələrimizin, dinimizin yad ünsürlərdən qorunması istiqamətində fəaliyyət daha da gücləndirilməlidir. O, qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri qanun vasitəsilə nizamlanır. Konstitusiyamızda dini azadlıqla bağlı müddəalar heç də dünyanın ən inkişaf etmiş ölkələrindəkindən geri qalmır. Bizim milli-mənəvi dəyərlərimiz arasında İslam dini xüsusi əhəmiyyətə malikdir və bu mütərəqqi dinin düzgün təbliği prioritet məsələlərdəndir.

Mübariz Qurbanlı vurğulayıb ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyevin qayğısı ilə ölkədə yeni məscidlər tikilir, dini abidələrimiz bərpa olunur. Bu isə dövlətin dinə olan münasibətinin bariz nümunəsidir.


Komitə sədri son vaxtlar dünyada qeyri-ənənəvi cərəyanların din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışmalarından və siyasi məqsədləri üçün istifadə etməyə çalışmalarından söz açaraq bunun qarşısının alınması məqsədilə dini icmaların fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyinə toxunub.


DQİDK-nın sədri ölkədə dini təhsil məsələsinə toxunaraq bunun “Dini etiqad azadlığı haqqında” qanunla tənzimləndiyini qeyd edib. O, deyib ki, qanunda da vurğulandığı kimi, dini təhsil verən insanların mütləq ölkədə dini təhsil almış və səlahiyyət sahibləri olması vacibdir.

DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov Sabunçu rayonundakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı məlumat verib. O, bildirib ki, əhalinin dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal fikirli insanların təsiri altına düşməməsi və din xadimlərimizin bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə ehtiyac vardır. Bunu nəzərə alaraq müxtəlif rayonlarda dini icmaların nümayəndələri ilə görüşlər keçirilir və fikir mübadiləsi aparılır.


Sonda dini icmaların nümayəndələri ilə fikir mübadiləsi aparılıb.

GDövlət Komitəsinin sədri  Sabunçu rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib (VİDEO) Dövlət Komitəsinin sədri  Sabunçu rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib (VİDEO) Dövlət Komitəsinin sədri  Sabunçu rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib (VİDEO) Dövlət Komitəsinin sədri  Sabunçu rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib (VİDEO)

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2435.html