
Dünyanın müxtəlif ölkələrindən cihad adı altında Suriyaya gedən terrorçuların din haqqında anlayışları yoxdur.
Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə Küveytin Sosial İşlər Nazirliyinin Gənclərlə Yardım şöbəsinin müdiri Əbdüllətif əs-Sinan Suriyada bir müddət terrorçu qruplaşmaların tərkibində döyüşdükdən sonra geri qayıdan küveytli gənclərdən danışıb. Əs-Sinan Suriyadan geri qayıdan 7 gənclə şəxsən görüşdüyünü və onların 18 yaşında olduqlarını vurğulayaraq deyib:
“Onlarla söhbət edərkən anladım ki, onların din haqqında anlayışları yoxdur. Cihad haqqında bir-iki “atəşli” (cihada həvəsləndirən ürəksarsıdıcı) xütbəyə qulaq asaraq Suriyaya gediblər. Onlar Fatihə surəsini belə düzgün oxuya bilmirdilər. Məcbur olduq ki, düşüncə və davranışlarını islah etmək üçün onları təlim-tərbiyə mərkəzlərinə yerləşdirərək”.
Suriya böhranının oyundan ibarət olduğunu və bu böhrandan sui-istifadə edildiyini vurğulayan əs-Sinan sözlərinin davamında deyib:
“Gənclərimizi bu yoldan çəkindirmək üçün xüsusi qanunlar qəbul edilməli və cəzalar sərtləşdirilməlidir. Bu, dünyanın ən böyük cinayətlərindəndir, onun qarşısını almalı və gənclərimizi qorumalıyıq”.