
İran İslam Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, Ayətullah Həsən Ruhani 18 613 329 səslə (50.07 faiz) qalib gəlib.
Həsən Ruhani 1948-ci il noyabrın 22-də Simnan əyalətinin Sorxe şəhərində anadan olub. İbtidai və orta təhsilini həmin şəhərdə alıb. 1961-ci ildə dini təhsil almaq üçün Qum dini hövzəsinə daxil olub. 1969-cu ildə Tehran Universitetinə qəbul olan Həsən Ruhani hüquq təhsili alıb. 1999-cu ildə Hasan Ruhani Böyük Britaniyanın Qlazqo Kaledoniya Universtitetində Hüquq elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
İngilis, Alman, Fransız, Rus və Ərəb dillərini bilir.
Doktor Həsən Ruhani 1999-cu ildən Ekspertlər Şurasının üzvü, 1991-ci ildən Məqsədəuyğunluq Şurasının üzvü, 1989-cu ildən Ali Milli Təhlükəsizlik Şurasının üzvü olub, 1992-ci ildən isə Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsini tutub. Ruhani, həmçinin 1989-2005-ci illər ərzində İslam Məsləhət Şurasının vitse-spikeri və Ali Milli Təhlükəsizlik Şurasının katibi olub.