16 Mart, 2010
Ayətullah Mirzə İbrahim Badkubeyi(r)


Əxlaqlı, pəhrizkar fəqih və ədəbiyyatçı Ayətullah Mirzə İbranim Badkubeyi on üçünçü, əsrin axırlarında (hicri qəmri tarixi ilə) Bakıda anadan olmuşdur. İbtidai təhsilini öz şəhərinin almlərindən aldıqdan sonra dini təhsilini davam etdirmək üçün Nəçəfi-Əşrəf şəhərinə köçür. Uzun illər dərin İslam elmlərini və maarifini alimlərdən öyrənib, ictihad məqamına çatdıqdan sonra öz vətəninə Bakıya qayıdır və İslam elmlərinin tədrisi və şəriət əkamlarını bəyan etməklə xalqı düzgün yola istiqamətləndirir. Amma çox çəkmir ki, bolşeviklərin Azərbaycana hücumu alimin öz doğma vətənindən didərgin düşməsinə səbəb olur. Bir qrup alimlə birlikdə artıq bu şəhərdə yaşamağı məsləhət olmadığını hiss edən Badkubeyi İrana köçür və Təbrizdə sakin olur və orada ailə qurur.

1300-cü şəmsi ilində (1921) Marağa şəhərindən bir dəstə dindar və mömin tacir onun Marağaya gəlməsini xahiş edirlər. Alim bu xahişi qəbul etdikdən sonra şəhərin əhalisi onu təntənəli surətdə qarşılayır və ona ev verirlər.

Alim yüksək səviyyədə təqva, gözəl  əxlaq və yaxşı əməl sahibi olmuşdur. Marağa şəhərində yaşadığı illərdə həm mədrəsədə həm də öz evində İslam elmlərini orta və ali səviyyədə tədris etməklə məşğul olur. Şəhərin bütün camaatı, dövlətlilər, dindarlar və tacirlər ona dərin hörmət bəsləyir. Hər kəs çalışırdı ki, ona hansısa bir qulluq etsin. Alim də ona verilən bütün hədiyyələri  fəqirlərə  və yoxsullara verərək onları himayə edirdi. Bu şəhərin mömin şəxslərindən biri belə söyləyir: "Hər vaxt ona bir şey verilsəydi və ya əlinə bir şey düşsəydi, fəqirləri və ya ehtiyacı olanları tapıb onlara kömək edərdi. Tacirlərdən biri bazarda mənə bir hədiyyə verib deyirdi ki, bunu o alimə çatdırım. Mən də hədiyyəni ona verən kimi dərhal onu özümə qaytarıb buyururdu ki, bunu filan fəqirə çatdır". Bəzi vaxtlar paltarları olmayan fəqirlərin əlindən tutub dükana aparır istədikləri paltarları onlara hədiyyə edirdi. Bu işlə onların qəlbini sevndirir və bu işdən ləzzət alırdı. Şəri malları (beytul-malı) saxlamaqda çox çiddi və diqqətli idi. Belə ki, xüms, zəkat və sair kimi verilən şəri vergiləri əlində, saxlamaz dərhal ehtiyacı olan tələbələr və fəqirlər arasında bölərdi. Bir il Məhərrəm və Səfər aylarında yığılan 1800 tümən pulu (o zaman bu məbləğin böyük qiyməti vardı) ehtiyacı olanların arasında bölür.


Həyatda çox sadə və zahid adam olub. Həmişə çalışardı ki, həyatda fəqirlər və ehtiyaclı şəxslər kimi yaşasın. Həyat yoldaşı Təbrizin Ələvi seyyidələrindən biri idi. Bir gün alimin bu vəziyyətindən narazı halda para-para olmuş paltarı onun qarşısına atır və bu vəziyyətdən şikayət edir. O, son dərəçə mehribançılıqla və mülayimliklə onun sözlərinə qulaq asdıqdan sonra buyurur: "Başqalarının heç o çür köhnə parçası da yoxdur. Bu halda bizə yaraşarmı ki, təzə parçamız olsun!", Bu dahi alim ruhanilərə, tələbələrə və elm əhlinə dərin ehtiram edirdi. Çox vaxt tələbələrin özlərinə inamı artırmaq və onlara şəxsiyyət vermək üçün tələbələri camaat namazında qabağa verir, özü isə camaatla birlikdə onun arxasında namaz qılardı.

Böyük fəqih, 1322-ci şəmsi ilində Allahın rəhmətinə qovuşur. Ona əzəmətli şəkildə matəm tutduqdan sonra təntənəli surətdə dəfn edirlər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-125.html