
Peyğəmbəri-Əkrəm (s) bir kəlamında orucun qəbul şərtləri ilə bağlı belə buyurmuşdur:
اِنَّ مَن تَمَسَّکَ فی شَهرِ رَمَضانَ بِسِتِّ خِصَالٍ غَفَرَ اللهُ لَهُ ذُنوبَهُ
“Hər kim Ramazan ayında altı xislətə sahib olarsa, Allah-Taala onun günahlarını bağışlayar...”
Allah-Taala Ramazan ayında oruc tutanlardan altı zəmanət istəyir. Hər kim həmin onları təqdim edə bilsə, Allah-Taala da onun günahlarını bağışlayacaq və tutduğu orucunun savab və mükafatının nə qədər olduğunu da Allah-Taaladan başqa heç kim bilməyəcək. Həmin altı sənəd və zəmanət bunlardan ibarətdir:
- أن یَحفَظَ دینَهُ – Birinci şərt odur ki, oruc tutan insan dinini qorumalı, dini və etiqadının zəifləməsinə səbəb olan amilləri aradan qaldırmalıdır.
- وَ یَصُونَ نَفسَه – İkincisi odur ki, öz nəfsini qorumalı, özünü kontrolda saxlamalı, küçə-bazarlarda özünü fitnə-fəsadlar və ona üz tutan günahlar dalğası müqabilində möhkəm dayanmağı bacarmalıdır.
- وَ یَصِلَ رَحِمَهُ – Üçüncüsü odur ki, qohum-əqrəbasına baş çəkməli, kin-küdurətlərə son qoyub yaxınları ilə əlaqəni möhkəmləndirməlidir.
- وَلا یُؤذِیَ جَارَهُ – Dördüncü odur ki, qonşularını incitməməlidir.
- وَ یَرعَی إخوانَهُ – Beşincisi odur ki, insanların hüquqlarını gözləməli, riayət etməldir.
- وَ یَخزُنَ لِسَانَهُ – Altıncısı isə odur ki, ki, dilini (dil günahlarından) qorumalıdır. (“Mustədrəkul-vəsail”, c.7, səh.370.)