10 Sentyabr, 2023
İƏT separatçıların qondarma “seçkilər”ni TANIMIR

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçıların keçirdiyi qondarma “seçkilər”i tanımadığını bəyan edib və dünya ictimaiyyətini Ermənistanın destruktiv addımlar atmasının qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb.

Ahlibeyt.az  AZƏRTAC-a istinadən xəbər verir ki, Təşkilatın bununla bağlı yaydığı bəyanatda deyilir:

“Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşən beynəlxalq səviyyədə tanınmış Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər” regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım BMT Təhlükəsizlik Şurasının, İƏT-in qətnamələri və ATƏT-in prinsipləri daxil olmaqla, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

İƏT Baş Katibliyi Azərbaycanın və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir vaxtda keçirilən bu “seçkilər”i danışıqlara xələl gətirən addım kimi qiymətləndirir.

Baş Katiblik Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulması olan bu qeyri-legitim “seçkilər”i tanımır. O, BMT-ni və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa, Ermənistanın regionda kövrək normallaşma səylərinə təhlükə yaradan addımlar atmasının qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırır.

Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyən İƏT tezliklə davamlı sülh sazişinin imzalanmasının regionda sülhə və sabitliyə böyük töhfə verəcəyinə inanır”.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12242.html