23 Noyabr, 2022
BDU-da “Smart kitabxana” konsepsiyasına dair müzakirələr aparılıb

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə ”Smart kitabxana” konsepsiyası ilə bağlı elmi seminar keçirilib.

Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə BDU-dan mətbuata verilən açıqlamada bildirilib.

Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Nazlı Həsənova mövzu ilə bağlı məruzə edib.

Araşdırmada kitabxanaların keçdiyi təkamül mərhələləri barədə məlumat verilib, müasir dövrdə İKT texnologiyalarının kitabxana işinə tətbiqinin üstünlükləri, yeni nəsil kitabxanaların xarakterik xüsusiyyətləri şərh olunub. Bildirilib ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin əsas ideyası xidmət sahələrini və obyektləri vahid sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Bu mənada həmin konsepsiyanın kitabxana işinə tətbiqi, smart kitabxanaların qurulması səmərəli nəticələr verə bilər.

Məruzədə “Smart kitabxana” konsepsiyası intellektual platforma kimi təqdim edilib, “Ağıllı kitabxana”lara verilən müxtəlif təriflər şərh olunub. Qeyd edilib ki, “Ağıllı kitabxana”lar rəfləri, çap kitabları olmayan, böyük serverləri, rəqəmsal arxivləri olan kitabxanalardır. Belə kitabxanalar radiotezlik identifikasiyası vasitələrinə, standart beynəlxalq İnteqrasiya edilmiş Kitabxana İdarəetmə Sistemi (ILMS), axtarış alətləri, web-OPAC, Standart Rəqəmsal Proqram təminatına (Dspace/E-Print) malikdir. Araşdırmada mobil texnologiyalar, kabelsiz sistemlər, RFİD, LED, “İnternet of things” texnologiyaları, verilənlərin intellektual analizi vasitələri, standart və protokolların kitabxanalara tətbiqi məsələləri barədə məlumatlar verilib.

Elmi seminar müzakirələrlə davam etdirilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12152.html