28 Sentyabr, 2022
Taliban hökumətinin nazir müavini qız məktəblərinin açılmasını istəyib

Taliban hökumətinin xarici işlər nazirinin müavini Əfqanıstanda qızlar üçün orta məktəblərin yenidən açılmasını istəyib.

Ahlibeyt.az-ın xəbərinə görə, SalamNews ToloNews-a istinadən xəbər verir ki, Taliban hökumətinin xarici işlər nazirinin müavini Şirməhəmməd Abbas Stanikzai bunu hərəkatın üzvləri qarşısında çıxışı zamanı deyib.

"Təhsil heç bir ayrı-seçkilik olmadan hamıya verilməlidir. Qadınların təhsil almaq imkanı olmalıdır, İslamda qızların təhsilinə qadağa yoxdur", - deyə Stanikzai bildirib.

O fikirlərini belə davam etdirib: "Gəlin başqalarına imkan verməyək ki, hakimiyyətlə xalq arasında uçurum yaratsın. Əgər texniki problemlər varsa, onlar həll olunmalıdır, qız məktəbləri açılmalıdır".

Qeyd edək ki, Talibanın xarici işlər nazirinin müavini hərəkat daxilində mötədil fikirli sima hesab olunur.

Bildirək ki, Taliban qızlar üçün orta məktəblərin açılması planı üzərində işlədiyini bildirsə də, bununla bağlı vaxt təyin etməyib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11950.html