
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Ahlibeyt.az xəbər verir ki, dərsliklər sentyabrın 23-də Elm və Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının iştirakı ilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil verilib.
Nazirlik Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 2022-2023-cü tədris ili üçün 18 adda 21703 nüsxə dərslik göndərib.
Qeyd edək ki, Ana dili və Ədəbiyyat dərsliklərinin mübadiləsi 2022-ci il 21 fevral tarixində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” əsasında həyata keçirilir.
Son 5 ildə Elm və Təhsil Nazirliyi tərəfindən 105913 nüsxə dərslik və metodiki vəsait Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə göndərilib.