
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini təqdir edib.
Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, Aİ Şurasının Prezidenti bu barədə tviter səhifəsində bildirib.
“Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni hərbçinin rəsmi Bakı tərəfindən azad edilməsini alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib – bu, həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir", - deyə Ş.Mişel vurğulayıb.
Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib.